İDMAN


Azərbaycanın taekvondo üzrə milli komandası Avropa çempionatında üçüncü yeri tutub

Bakı, 30 sentyabr, AZƏRTAC

Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına yekun vurulub.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın sonuncu günündə Azərbaycan yığması daha bir medal qazanıb.

Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun çalışdırdığı komandanın heyətində Cavad Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb. Onaltıdabir finalda Pablo Patinonu (İspaniya) 2:1 hesabı ilə məğlub edən taekvondoçumuz ardıcıl olaraq Aleksios Bouqas (Yunanıstan), Furkan Korpe (Türkiyə) və Con Porxa (Almaniya) 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

C.Ağayev həlledici döyüşdə də türkiyəli idmançı ilə qarşılaşıb. Arslan Dəmirlə görüş gərgin alınıb. Rəqib 2:1 hesabı ilə qələbə qazandığından taekvondoçumuz gümüş medala sahib olub.

Bununla da, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi millinin Avropa çempionatında qazandığı mükafatların sayı üçə çatıb. C.Ağayevdən əvvəl Səyyad Dadaşov (54 kq) qızıl, Eltac Qafarov (74 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, yığma Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatında da qüvvəsini sınayacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.