MƏDƏNİYYƏT
Azərbaycanın tanınmış idmançısına həsr edilən filmin nümayişi olub
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Nizami Kino Mərkəzində rejissor Zamin Məmmədovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “Çempion” sənədli filminin nümayişi olub.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bu ekran əsərinin Azərbaycan Sambo Federasiyasının prezidenti, doqquzqat dünya çempionu Ceyhun Məmmədovun həyatından və idman fəaliyyətindən bəhs etdiyini söyləyib. O deyib: “Ölkəmizdə idmana böyük diqqət yetirilir, hər il çoxlu sayda beynəlxalq yarışlar keçirilir. Azərbaycan idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan atletləri ən nüfuzlu yarışlarda medallar qazanır, ölkəmizin bayrağını göylərə ucaldır, Vətəni təbliğ edirlər”.
Gənclər və idman naziri Azad Rəhimov Ceyhun Məmmədovun uğurlarından söz açaraq, onun Azərbaycanda sambonun inkişafına verdiyi əvəzsiz töhfəni qeyd edib. A.Rəhimov deyib: “Ceyhun Məmmədov bir örnəkdir, gənclərimiz bu cür görkəmli idmançılardan nümunə götürməlidirlər. Belə istedadlı idmançıların sayəsində ölkəmizin dünyada tanınması çox sevindirici haldır. Həmçinin “Çempion” kimi maraqlı ekran əsərinin ərsəyə gəlməsinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirmək istəyirəm”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, idmançılarımız nailiyyətləri və qələbələri ilə hər zaman bizi sevindirlər. Azərbaycan idmançıları beynəlxalq arenada daha yüksək zirvələr fəth edəcəklər.
Ceyhun Məmmədov göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə və “Azərbaycanfilm” kinostudiyasına təşəkkürünü bildirib. Qeyd edib ki, bu film onun 50 illik yubileyinə ən gözəl hədiyyədir.
Sonda tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan “Çempion” filmi nümayiş olunub.