REGİONLAR


Azərbaycanın tanınmış muğam ifaçıları Qəbələ festivalının tamaşaçılarına unudulmaz anlar yaşadıblar VİDEO

Qəbələ, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan Qəbələ Musiqi Festivalı bu qədim şəhərdə uğurla davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, XII Qəbələ Musiqi Festivalının proqramına daxil olan, tamaşaçıların və şəhərin qonaqlarının səbirsizliklə gözlədikləri “Zəfər muğam kompozisiyası” adlı muğam axşamı nəhayət, reallaşdı. Avqustun 2-də axşam saat 21:00-da Qəbələ şəhərində açıq səhnədə (Qafqaz Resort) Azərbaycanın tanınmış muğam ifaçıları möhtəşəm ifaları ilə buraya toplaşan tamaşaçılara unudulmaz musiqi bayramı bəxş etdilər.

Konsertin əvvəlində Nazim Əliverdibəyovun “Muğam” xoreoqrafik miniatürü təqdim olunub. Xalq artistləri Rəfiqə Axundova və Maksud Məmmədovun quruluş verdiyi xoreoqrafik miniatürü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fatimə Xalafova və Əməkdar artist Samir Səmədov ifa ediblər. İfa Rəfiqə Axundovanın 90 və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub.

Sonra Xalq artisti, professor Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam ansamblının ifasında “Zəfər muğam kompozisiyası” təqdim olunub. Mənsum İbrahimovun, Əməkdar artist Təyyar Bayramovun, xanəndələr Gülzar Fərəcova, Günay İmamverdiyeva və gənc xanəndə Kənan Bayramlının ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

İstedadlı muğam ifaçılarını tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, sintezatorda Ceyhun Qurbanov, nağarada Siyavuş Kərimov müşayiət ediblər.

Festivalın proqramına uyğun olaraq, avqustun 3-də tamaşaçılara Bakı Musiqi Akademiyası müəllimlərinin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertləri təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.