SİYASƏT


Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb

Bakı, 5 mart, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının gündəliyi, dövlət başçılarının çıxışları bir çox vacib məqamları özündə əks etdirirdi. İlk növbədə, onu qeyd etməliyik ki, Azərbaycan budəfəki toplantıda qalib və öz ərazi bütövlüyünü bərpa etmiş ölkə qismində iştirak edirdi. Türkiyə, Pakistan və Əfqanıstanın rəhbərlərinin Azərbaycan Prezidentini Vətən müharibəsində Qələbə münasibətilə təbrik etməsi təşkilata üzv ölkələrlə Azərbaycanın sıx tərəfdaşlıq əlaqələrinin bariz nümunəsi hesab etmək olar. Bu, eyni zamanda, Azərbaycanın dünyada artan nüfuzunun növbəti təzahürüdür.

Pakistanın Baş naziri İmran Xanın Azərbaycanla bağlı səsləndirdiyi dost mövqeyi, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Qələbəsini “dastan qələbə” adlandırması, Əfqanıstan Prezidenti Əşrəf Qaninin dövlətimizin başçısına “atanız sağ olsaydı, Sizinlə fəxr duyardı” söyləməsi Azərbaycana olan dost münasibətin göstəricisi idi. Xatırlatmaq yerinə düşər ki, İƏT üzvlərindən Türkiyə, Pakistan və Əfqanıstan hələ 2020-ci il sentyabrın 27-dən – müharibə başlandığı gündən Azərbaycana dəstək nümayiş etdirdi. Bu ölkələr müxtəlif səviyyələrdə rəsmi Bakının haqlı mövqeyinə dəstək ifadə olundu. Qardaş Türkiyə isə bütün səviyyələrdə Azərbaycanın yanında olduğunu bəyan etməklə mənəvi dəstək nümayiş etdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat qeyd edib ki, ümumiyyətlə, Azərbaycan bütün təşkilatlarda olduğu kimi, İƏT çərçivəsində də səmərəli fəaliyyəti ilə seçilir. Təsadüfi deyil ki, İƏT-in Tədqiqat Mərkəzinin Azərbaycanda yerləşməsi ilə bağlı qərar qəbul edildi. 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs üzv dövlətlər tərəfindən də təqdir edilmişdi. Yəni, Azərbaycan fəaliyyətə başladığı ilk gündən təşkilat üzvlərinin etimadını qazanıb, etibarlı tərəfdaş kimi özünü doğruldub. Deputat bildirib: “XIV Zirvə toplantısında Prezident İlham Əliyevin çıxışı da əməkdaşlıq üçün yeni yaranan imkanları əhatə edirdi. Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsinə toxunan Prezident İlham Əliyev Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtması barədə bir daha dünya ictimaiyyətini məlumatlandırdı. Xüsusilə erməni vandallarının məscidlərin, mədəni və dini abidələrin dağıdılmasının İslam dünyasına hörmətsizliyin və düşmən münasibətin təzahürü olduğunu diqqətə çatdırdı. Aydındır ki, Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyin güclənməsinə dəyərli töhfələr verən, islamofobiyaya qarşı mübarizə aparan ölkə kimi hər zaman ön sıradadır. Bu çağırış da əslində, həmrəyliyin daha da möhkəmlənməsinə yönəlib”.

Könül Nurullayeva vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə həm də bölgə dövlətləri üçün yeni əməkdaşlıq imkanları yaradıb. İlk növbədə, Zəngəzur dəhlizini qeyd etməliyik. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni dəhliz regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

“Dövlətimizin başçısının da söylədiyi kimi, Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Təbii ki, Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər. Yəni, böyük Qələbəmiz sayəsində İƏT-ə üzv dövlətlər də daxil olmaqla, Azərbaycanla əməkdaşlıq edən bütün tərəfdaşlar üçün yeni imkanlar yaranıb. Hazırda bütün tərəflər bu imkanlardan faydalanaraq inkişaf platforması kimi bölgənin nüfuzunun artmasına çalışmalıdır”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.