SİYASƏT


Azərbaycanın tarixi Qələbəsi müasir dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı

Bakı, 1 dekabr, AZƏRTAC

Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda sentyabrın 27-də başlanmış Vətən müharibəsinin zəfər yürüşündə yenə qan tökmədən, daha şəhid vermədən nəhayət ki, nöqtə qoyulur. Dekabr ayının 1-də Laçın azad edildi. Qələbə bizimdir, biz qalibik. Biz Vətənimizin hər bir qarışını azad etmək üçün lazım gələndə yumruq kimi birləşərək müqəddəs amal uğrunda mübarizə aparan xalq olduğumuzu bir daha sübut etdik. Bu münaqişənin sülh yolu ilə həll olunmasını gözləməklə sülhsevər olduğumuzu da nümayiş etdirdik. Ancaq Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dəfələrlə beynəlxalq kürsülərdən səsləndirdiyi kimi, bu münaqişənin alternativ həlli yolu olduğunu da sübuta yetirdik. Sülh yolu ilə qaytarmaq istəmədikləri torpaqlarımızı müharibə yolu ilə, şəhid verməklə qaytardıq. Tarixin bu ağır sınağından alnıaçıq çıxdıq, uzun illər ərzində itirdiklərimizi nəhayət ki, qaytardıq.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib.

Deputat deyib ki, inkişaf etmiş güclü dünya dövlətləri ilə müqayisədə Azərbaycan ərazi baxımından o qədər də böyük dövlət olmasa da, bu gün dövlətimizin apardığı müharibə, əldə etdiyimiz tarixi Qələbə müasir dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. 30 il işğalçı qonşusu ilə mübarizə aparan Azərbaycan ikitərəfli siyasət yürüdən və öz məkrli məqsədləri üçün ona mane olmağa çalışan dövlətlərlə qarşı-qarşıya durdu, siyasi mübarizədə də qalib gəldi. Bu müharibənin son mərhələsi dekabrın 1-də işğalçıların Laçını boşaltması ilə başa çatmalı idi və nəhayət, həmin gün gəldi. Artıq Laçın da bizimdir, daha doğrusu, özümüzündür.

Digər azad edilmiş torpaqlarımız kimi, Laçının da daha işğal olunduğu gün yoxdur, şəhidlərimiz bu tarixi öz qanları ilə yudular, tarixdən silib atdılar. Yerinə isə Laçının azad edilmə gününü - 1 dekabr tarixini əlavə etdilər.

Laçının azad edildiyi, düşmənlərin qovularaq bu torpaqlarımızı da boşaltdığı mənzərələri müşahidə etdikcə, yenə də eyni lövhə, eyni kadrlar və eyni ekoloji cinayət, terror izlərini görürük. Düşmən tərk etdiyi digər ərazilərimizdə olduğu kimi, buradan da apardığını apardı, apara bilmədiyini isə məhv etməklə təskinlik tapdı. Bununla da bir daha öz barbarlıqlarını, “mədəni və qədim” xalq olduqlarını dünyaya göstərdilər. Azərbaycan xalqı da öz kimliyini sübut etdi.

Laçın da Ağdam və Kəlbəcər kimi, insan itkisi vermədən azad edildi. Ancaq bu qələbə də asanlıqla əldə olunmadı. Bu, dövlətimizin başçısının müdrik siyasi addımları və qəti qərarları, xalqımızın onun ətrafında birləşməsi və igid oğullarının düşmənə sinə gərməsi nəticəsində, qanlı-qadalı, qurbanlarla əldə edilmiş qələbədir.

30 ilə yaxın bir dövrdə Azərbaycan daha da güclənmiş, siyasi rəhbərlərimiz dövlətimizin mövqelərini möhkəmləndirdikcə, ana və atalarımız igid oğullar tərbiyə etmişdir ki, Vətən çağıranda səsinə hay versinlər və iki ay bundan əvvəl etdikləri kimi, ayağa qalxsınlar.

Həqiqətən, Azərbaycan dövləti, Azərbaycan xalqı bu gün şərəfli tarixi günlər yaşayır. Bu günlərimiz üçün başda Müzəffər Ali Baş Komandanımız olmaqla müzəffər Azərbaycan ordusuna, igid oğullarımıza minnətdarıq.

Təkcə Laçın, Şuşa, Ağdam, Kəlbəcər yox, bütün Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.