SİYASƏT


Azərbaycanın tarixi Qələbəsi xalqımızın sarsılmaz birliyi, Ordumuzun qüdrəti və Müzəffər Ali Baş Komandanımızın müdrikliyi ilə əldə edildi

Bakı, 11 noyabr, AZƏRTAC

2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən birgə bəyanat imzalandı və bu, təslimçilik aktı olaraq, işğalçı ölkəni sülh danışıqlarının müddəalarını təsdiqləməyə məcbur etdi. Ölkəmiz bu uğuru heç də asanlıqla əldə etmədi. Bunun reallaşmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yorulmaz, müdrik diplomatik fəaliyyəti, rəşadətli ordumuzun şücaəti önəmli rol oynadı. Beləliklə, sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycanın düşmən üzərində həlledici qələbəsi ilə nəticələndi.

Bunu AZƏRTAC-a AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov bildirib.

E.Bağırov deyib ki, bəyanat imzalanan gün Azərbaycan xalqına müraciətində Prezident İlham Əliyev məhz bu məsələni xüsusi vurğulayaraq bildirdi ki, “biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”.

Bəli, cənab Prezidentin bəyan etdiyi kimi, doğrudan da bu müharibədə qələbəmizin əsasında dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı.

Bu baxımdan əldə edilən razılaşma tarixi əhəmiyyətinə görə xüsusi əhəmiyyət daşıyır. Çünki bununla Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Eyni zamanda, Qarabağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi müəyyənləşdi. Bəli, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu məsələlər Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyəti oldu.

E.Bağırov daha sonra qeyd edib ki, üç ölkə rəhbəri tərəfindən imzalanan bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və milli həmrəylik məsələsi olaraq, respublikamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirəcək. Çünki ərazi bütövlüyümüzün işğalçı tərəfindən pozulması ölkəmizin tərəqqisinə mənfi təsir göstərirdi, məcburi köçkünlərimizin həyat tərzində natamamlıq kompleksi yaradırdı. Sadalanan çətinliklərin aradan qaldırılması düz 28 il vaxt apardı. Belə bir uzun zaman müddəti isə, şübhəsiz ki, bu həssas məsələyə işğalçının əməllərinə beynəlxalq təşkilatlar, nüfuzlu dünya dövlətləri tərəfindən lazımi qiymət verilməməsi ilə bağlı idi. Yuxarıda vurğuladığım kimi, cənab Prezidentin ötən müddətdə gərgin siyasi fəaliyyəti, nəhayət, öz müsbət nəticəsini verdi. Azərbaycanı bu möhtəşəm qələbəyə qovuşduran xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli Ordumuzun güc-qüdrəti, cəsarəti və Ali Baş Komandanımızın müdrikliyi oldu. Beləliklə, Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bugünkü yekdilliyi fəth etməmiş ümummilli həmrəyliyimiz bizi bu uğurlu nəticəyə qovuşdurdu. Bu uğur, bu Qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi, Şuşa qalasını fəth etdi.

Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq yerinə düşər. Böyük Qələbənin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Bu şəhərinin yağı tapdağından xilas edilməsi Silahlı Qüvvələrimizin yenilməzliyinin təsdiqinə çevrilməklə bərabər, düşmənin əzmini, iradəsini sındırdı, işğalçının “məğlubedilməz ordu” mifini tamamilə dağıtdı.

İkinci Vətən müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Başqa sözlə, bu uğur, nailiyyət regionun yenidən çiçəklənməsinə böyük stimul verəcək. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycana maksimum sərf edən sənəd imzalanıb. Bu nəticənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün Ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.