REGİONLAR
Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər
Tərtər, 28 mart, AZƏRTAC
Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının da özünəməxsus payı var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Tərtər rayonunda Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının akt zalında davam edən tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan təhlükəsizlik orqanları əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov təhlükəsizlik orqanlarının şəxsi heyətini peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra da təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşıb. Təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb. Məhz bu zərurəti nəzərə alan ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə milli təhlükəsizlik orqanları üçün peşəkar kadrlar yetişdirən akademiya təsis edilib.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.
Sonra Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirdə rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, Tərtər rayonunun hərbi prokuroru Hümmət Məmmədov, rayon məhkəməsinin sədri Elşad Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək, ürək sözlərini çatdırıblar.
Sonda təhlükəsizlik orqanlarının xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.