REGİONLAR
Azərbaycanın təhlükəsizlik orqanları xalqın təhlükəsizliyinin etibarlı qorunmasına layiqli töhfəsini verir
Ağdam, 28 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 100 il keçir. Tarixən çətin, keşməkeşli, eyni zamanda, şərəfli bir yol keçmiş dövlət təhlükəsizliyi orqanları xalqımızın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasına layiqli töhfələrini verirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirilib. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov peşə bayramı münasibətilə təhlükəsizlik orqanlarının işçilərini təbrik edib, ölkəmizin ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, sabitliyin bərqərar olunmasında Dövlət Təhlükəsizliyi Xidmətinin rolunu yüksək qiymətləndirib.
Tədbirdə Azərbaycan xüsusi xidmət orqanlarının tarixindən, milli maraqlarımızın və təhlükəsizliyimizin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətindən bəhs edən məruzə dinlənilib. Bildirilib ki, Azərbaycanın dövlət institutları sırasında özünəməxsus yeri və rolu olan təhlükəsizlik orqanlarımızın tarixini şərti olaraq üç dövrə - cümhuriyyət, sovet və müstəqillik illərinə bölmək olar. Bu dövrlərin içərisində ilk təhlükəsizlik orqanının təşəkkülü, formalaşması və fəaliyyəti milli yaddaşın ən mühüm tərkib hissələrindəndir. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Yeni qurulan dövlətin müstəqilliyinə qarşı yönəlmiş təhdidlər təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu göstərdi və 1919-cu il martın 28-də Hərbi Nazirliyin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Həmin tarix ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib.
Diqqətə çatdırılıb ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu Öndər hakimiyyəti illərində təhlükəsizlik orqanlarının fəaliyyətinə daim diqqət və qayğı ilə yanaşıb. Təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidməti hazırda inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Son dövrlər xarici xüsusi xidmət orqanlarının və düşmən qüvvələrin kəşfiyyat-pozuculuq və terror-təxribat cəhdlərinin, eləcə də digər təhlükəli təzahürlərin qarşısının alınmasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əldə edilən uğurlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Rayon Prokuroru Rəfail Zeynalov, məhkəmə sədri Elşad Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elxan Feyziyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli və başqaları çıxış edərək, təhlükəsizlik orqanlarının şəxsi heyətini peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar.
Sonda Dövlət Təhlükəsizlik Xidmətinin bir qrup əməkdaşına fəxri fərmanlar verilib.