ELM VƏ TƏHSİL
Azərbaycanın təhsil işçiləri peşə təhsili üzrə Almaniya təcrübəsini öyrəniblər
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bonn şəhərində yerləşən Almaniya Federal Peşə Təhsili və Təlimi İnstitutunun nümayəndələri ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Almaniyada peşə təhsili sisteminin xüsusiyyətləri və Federal İnstitut ilə agentlik arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Nümayəndə heyəti, həmçinin kənd təsərrüfatı istiqamətində ixtisaslaşan “DEULA” model müəssisəsində olub. Burada adıçəkilən müəssisənin işəgötürənlər, peşə təhsil müəssisələri və sosial partnyorlarla əməkdaşlığı, informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizmi müzakirə edilib. Almaniya və digər qonşu ölkələrin bu sahədə təcrübəsinin təqdimatı keçirilib.
Daha sonra kənd təsərrüfatı sahəsində peşə təhsili üzrə İsveçrə təcrübəsinin öyrənilməsi məqsədilə Lindau şəhərində yerləşən “Strickhof” peşə təhsil müəssisəsində olan agentliyin əməkdaşları yeni yaradılan təhsil müəssisəsində ixtisasların nəzəri və praktiki tədrisi və müvafiq sahələrdə tədqiqatın aparılması ilə tanış olublar.
Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə icra olunan layihə çərçivəsində reallaşıb.