SİYASƏT


Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının maliyyə dəstəyi və UNESKO-nun sifarişi ilə İtaliyanın San-Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən 2016-cı ildə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə hərbi bələdçi” hazırlanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən məlumat verilib.

Hərbi əməliyyatların planlaması və icrası zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının müddəalarının yerinə yetirilməsi üçün praktik tövsiyələr verən həmin hərbi bələdçi Azərbaycan Respublikasının təşəbbüsü ilə iyunun 14-də NATO-nun Əməliyyatlar Siyasəti Komitəsinin xüsusi iclasında təqdim edilib. NATO üzv dövlətləri və NATO-nun əməliyyatlarında iştirak edən tərəfdaş dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda NATO-nun, UNESKO-nun, ölkələrin yüksək səviyyəli nümayəndələri və hərbi bələdçinin müəllifləri iştirak ediblər.

Azərbaycan Respublikasını iclasda UNESKO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov təmsil edib. Elnur Sultanov çıxışında mədəni mülkiyyətin qorunması üzrə Azərbaycanın UNESKO çərçivəsində və milli səviyyədə həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib, NATO və UNESKO arasında qeyd edilən sahədə davamlı əməkdaşlığın əhəmiyyətini bildirib. O, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində mədəni mülkiyyəti kütləvi şəkildə dağıtması haqqında məlumat verib. Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş hərbi bələdçinin silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması sahəsində effektiv praktik tövsiyələr verdiyini bildirən E.Sultanov Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə bundan sonra da dəstək verəcəyini bildirib.

İclasda çıxış edən dövlətlərin, NATO-nun və UNESKO-nun nümayəndələri mədəni irsin qorunması sahəsində Azərbaycanın beynəlxalq müstəvidə aparıcı rolunu təqdir edib, hərbi bələdçinin əhəmiyyətini vurğulayıb və bu sahədə beynəlxalq əməkdaşlığın dərinləşməsinə verdiyi fəal dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür ifadə ediblər. NATO nümayəndələri hərbi bələdçinin 1954-cü il Haaqa Konvensiyasının icrasına böyük dəstək olduğunu və NATO-nun hərbi təhsil, planlama və standartlaşma işində onun müvafiq qaydada nəzərə alınacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.