SİYASƏT


Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar

Bakı, 16 yanvar, AZƏRTAC

Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil var. Söz yox ki, möhtəşəm Qələbədə, parlaq Zəfərdə bütün nəsillərdən olan vətəndaşların böyük zəhməti və payı var. Ancaq əsas yükü, vəzifəni gənc nəsil yerinə yetirdi. Bu, həmin gənc nəsildir ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17 ildə yetişib. Sirr deyil ki, 2003-cü ildə yeniyetmə olanlar bu gün artıq yetkin gənclərdir. Məhz onların vətənpərvərlik ruhunda tərbiyə alması, milli ruhda böyüməsi ölkəmizi böyük Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Bu mənada əminliklə deyə bilərik ki, Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva söyləyib.

Bu gün ölkəmizdə gənc və yaşlı nəsillərin, təcrübəli insanların, bütün etnik qrupların və dinlərin nümayəndələrinin bir yumruq tək birləşdiyini deyən Sədaqət Vəliyeva bildirib: “Qələbəmizin rəmzi olan “dəmir yumruq” gücümüzü, birliyimizi və həmrəyliyimizi nümayiş etdirir. Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar”.

“Şuşanın azad edilməsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, müharibənin gedişində Prezident İlham Əliyev Şuşanın azad edilməsinə qarşı bütün təzyiqlərə mərdliklə sinə gərdi, əsl liderlik, mərdlik, cəsarət nümunəsi ortaya qoydu. “Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçilərinin xəyanət nəticəsində bir vaxtlar ağır məğlubiyyət yaşadığı Daşaltı kəndini azad edərək Şuşa şəhərini işğalçılardan təmizləməsi də yüksək diqqətə layiqdir. Xüsusilə də Şuşa əməliyyatı beynəlxalq hərbi məktəblərin dərsliklərində yerini tapmağa layiq olan tarixi-hərbi hadisədir”, - deyən Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, uzun fasilədən sonra - noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırıldı və bu hadisə tarixə Zəfər Günü kimi düşdü. Şuşa 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Ermənistan tərəfindən işğal edilmişdi. Lakin 28 il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun şücaəti ilə işğaldan azad olundu. Bununla da Xalq Cəbhəsi-Müsavat cütlüyünün, antimilli ünsürlərin xalqımızın, dövlətimizin adına gətirdikləri ləkə təmizləndi.

Deputat qeyd edib ki, artıq Şuşanın dirçəldilməsi zamanı başlayıb. Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən demişdi: “Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Bu mənada, yaxın zamanlarda Şuşanın planlı şəkildə bərpasına başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.