MƏDƏNİYYƏT


Azərbaycanın turizm imkanları Hindistanda təbliğ olunur

Bakı, 19 may, AZƏRTAC

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ölkəmizin turizm potensialının təbliği məqsədilə Hindistanın Nyu-Dehli şəhərində işinə başlayan “SATTE Delhi 2022” sərgisində təmsil olunur.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə 115 kvadratmetr sahəni əhatə edən milli stenddə ölkəmizi Heydər Əliyev Beynəlxalq Aeroportu, “Azərbaycan Hava Yolları” QSC və müxtəlif turizm şirkətlərin nümayəndələri daxil olmaqla ümumilikdə 9 təşkilat təmsil edir.

Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov “Getmə turizmi, yenilənmə, yenidən formalaşdırma və strategiya” mövzusunda panel müzakirəsində iştirak edərək Azərbaycanda postpandemiya dövründə turizmin inkişaf istiqamətləri və hədəflər, ənənəvi və yeni bazarlardan olan turizm tərəfdaşları ilə əməkdaşlıq imkanları haqqında çıxış edib.

Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev Azərbaycan stendini ziyarət edərək iştirakçılarla Hindistan bazarı haqqında fikir mübadiləsi aparıb.

Azərbaycanı təmsil edən şirkətlərlə xarici turizm şirkətləri arasında B2B formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir, işğaldan azad olunan ərazilərin turizm imkanları, postpandemiya dövründə ölkədə mövcud səyahət qaydaları, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir.

Hindistanın Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərgi Cənubi Asiyanın ən böyük səyahət və turizm sərgisi olaraq dünyanın müxtəlif ölkələrindən turizm və hotelçilik sahəsinin mütəxəssislərinin təcrübələrini bölüşdükləri platformadır.

Mayın 20-dək davam edəcək sərgidə dünyanın 50-dən çox ölkəsindən, eyni zamanda Hindistanın müxtəlif şəhərlərindən mindən çox iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.