MƏDƏNİYYƏT


Azərbaycanın turizm potensialı Londonda böyük sərgi stendi ilə təbliğ olunur

Bakı, 6 noyabr, AZƏRTAC

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Londonda keçirilən “Dünya Səyahət Bazarı” (“World Travel Market”) sərgisində iştirak edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan sərgidə 12 turizm şirkəti ilə təmsil olunur. 232 kvadratmetrlik sahədə turizm brendinə uyğun olaraq yeni dizaynla qurulan stend Azərbaycanın indiyədək hazırlanan ən böyük sərgi stendidir.

Sərgi barədə münasibətini bildirən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bu sərginin dünya turizm bazarında yeni əməkdaşlıq və münasibətlərin qurulmasında mühüm rol oynadığını qeyd edib.

“Azərbaycanı təmsil edən 13 turizm şirkəti ilə Londonda dünyanın ən böyük turizm sərgisi sayılan “Dünya Səyahət Bazarı”nda Azərbaycanın turizm imkanlarını təqdim etməkdən qürur duyuruq. Biz burada turizm üzrə qlobal səyahət tərəfdaşlarına, həmçinin media nümayəndələrinə yeni turizm məhsullarını - şərab marşrutlarını, qolf turizmini, Azərbaycanda olan yəhudi irsi ilə bağlı turistik məhsulları nümayiş etdiririk. Həmçinin bu il biz turizm üzrə stolüstü kitab rolunu oynayacaq, turizm destinasiyası kimi Azərbaycan haqqında ətraflı məlumat verən “Azərbaycan” jurnalının təqdimatını etdik”,-deyə Florian Zenqstşmid bildirib.

O diqqətə çatdırıb ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 32 min nəfər təşkil edib və bu, ötən ilin eyni dövrünə nisbətdə 23.5 faiz artım deməkdir.

Xatırladaq ki, 2018-ci ildə baş tutan “Dünya Səyahət Bazarı” sərgisində Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün ilk genişmiqyaslı təqdimatı keçirilmişdi.

Son bir il ərzində ötən illə müqayisədə ölkəmizə səfər edənlərin sayında 10.9 faiz artım müşahidə olunur.

Azərbaycan 2002-ci ildən etibarən “Dünya Səyahət Bazarı” sərgisində iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.