MƏDƏNİYYƏT


Azərbaycanın turizm potensialının tanıdılması onlayn platformalar vasitəsilə aparılır

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Turizm Bürosu tərəfindən dünyada yaranmış cari vəziyyət nəzərə alınaraq, ölkəmiz haqqında məlumatlılığın saxlanılması və genişləndirilməsi məqsədilə keçirilən onlayn vebinarlar və görüşlər davam etdirilir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, may ayı ərzində Azərbaycan Turizm Bürosu tərəfindən Hindistan, Çin, Cənubi Koreya, BƏƏ, İsrail, Rusiya, Belarus, Ukrayna, Polşa, Almaniya, Avstriya, İsveçrə və bir sıra digər Avropa ölkələrindən olan turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə 30 vebinar təşkil edilib. Beynəlxalq turizm şirkətləri üçün ölkənin turizm məhsulları, yeni marşrutlar, Bakı və regionlarda fəaliyyət göstərən hotellər, istirahət mərkəzləri barəsində məlumatların verildiyi vebinarlara 1300-dən çox iştirakçı qatılıb.

Azərbaycanın turizm imkanları haqqında olan vebinarlara yüksək maraq göstərildiyindən iyun ayı üçün yeni vebinarlar təşkil olunacaq.

Bundan əlavə, xarici bazarlarda olan turizm tərəfdaşları ilə 54 onlayn görüş təşkil olunub.

Almaniya, Avstriya, İsveçrə, Böyük Britaniya, İtaliya, Niderland, Polşa, Hindistan, Çin, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Oman, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan kimi 17 ölkədən olan tur operatorlar və turizm şirkətləri ilə dünya turizm sənayesində olan cari vəziyyət, gələcək əlaqələr, postpandemiya dövründə atılacaq ilkin addımlar və digər mövzular müzakirə olunub.

Eyni zamanda, beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın təqdim etdiyi turizm imkanları barədə təlimlər keçirilməsi məqsədi daşıyan Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platforması (elearning.tourismboard.az) üzərindən fəaliyyət də davam etdirilir.

Platforma vasitəsilə Almaniya, Avstriya, Belçika, İtaliya, Niderland və bir çox Avropa ölkələri, BƏƏ, Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələri, Hindistan, Şri-lanka, Yaponiya kimi Asiya ölkələri, İsrail, Pakistan və bir sıra Yaxın Şərq ölkələri, Rusiya, Gürcüstan, İran və Azərbaycan da daxil olmaqla indiyədək 32 ölkədən 472 nəfər qeydiyyatdan keçərək “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb və müvafiq sertifikat əldə ediblər.

Təlimlər Azərbaycan haqqında ümumi məlumat, müalicəvi turizm məhsulları, qastronomiya, şərab turları, alman irsi, yəhudi irsi, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, həmçinin ölkənin mədəni irsi kimi bir neçə moduldan ibarət olmaqla müxtəlif mövzuları əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.