MƏDƏNİYYƏT
Azərbaycanın turizm sektorunun nümayəndələri ilə görüş keçirilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Park İNN-Azərbaycan” mehmanxanasında 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması münasibətilə nazirliyin turizm şöbəsinin əməkdaşları, turizm şirkətləri və hotellərin rəhbərləri ilə işgüzar görüş keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə yanvarın 14-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Mədəniyyət və Turizm Nazirliyinin hesabatında təqdim olunan faktlar və turizmin inkişafında müşahidə olunan müsbət tendensiyalar bir daha diqqətə çatdırılmışdır.
Görüşdə 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı ilkin tədbirlər planı müzakirə edilmiş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Azərbaycanda turizmin gələcək perspektivləri nəzərdən keçirilmiş, Prezident İlham Əliyevin uzaqgörənliklə elan etdiyi “Turizm ili”nin bu sahədə böyük iqtisadi sıçrayışlara təkan verəcəyindən söz açılmışdır.
Nazir Prezident İlham Əliyevin tapşırıqlarını əsas tutaraq turizm sektorunda çalışanları fəal olmağa, beynəlxalq və yerli turizm sərgilərində mütəmadi iştirak etməyə, Azərbaycan turizmini beynəlxalq standartlara yaxınlaşdıracaq təkliflərlə çıxış etməyə çağırmışdır.
Daha sonra turizm şirkətləri və hotel rəhbərləri mövcud problemlərdən danışmış və təkliflərlə çıxış etmişlər.