İDMAN
Azərbaycanın üç güləşçisi ikinci Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb
Minsk, 25 iyun, AZƏRTAC
İyunun 25-də ikinci Avropa Oyunlarının sərbəst güləş yarışlarının birinci günündə üç pəhləvanımız yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda idmançımızın rəqibi rusiyalı Zavur Uquyev olacaq. Azərbaycan pəhləvanı səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gəlmişdi.
Aleksandr Qostiyev (86 kq) dörddəbir finalda Gürcüstan təmsilçisi Sandro Aminaşvilini məğlub edib – 6:2. A.Qostiyev də yarımfinalda rəqibi güləşçi ilə üz-üzə gələcək. Onun rəqibi Dauren Kuruqliyev olacaq. Pəhləvanımız səkkizdəbir finalda Moldova təmsilçisi Denis Balaur üzərində 7:1 hesablı qələbə qazanmışdı.
Cəmaləddin Maqomedov (125 kq) yarımfinala vəsiqə uğrunda macarıstanlı Daniel Ligetiyə 6:5 hesabı ilə qalib gəlib. Yarımfinalda idmançımız Gürcüstan təmsilçisi Givi Matxaraşvili ilə qarşılaşacaq. Pəhləvanımız səkkizdəbir finalda eyni hesabla Belarus idmançısı Vitali Piasniaka 6:5 qalib gəlmişdi.
Xatırladaq ki, sərbəst güləş yarışlarının birinci günündə Hacımurad Qadcıyev (74 kq) türkiyəli Söner Demirtaşa 3:4 hesabı ilə uduzub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk