İQTİSADİYYAT
Azərbaycanın valyuta ehtiyatları iqtisadi və siyasi müstəqilliyin təminatıdır
Bakı, 5 fevral, Samirə Quliyeva, AZƏRTAC
2020-ci il Azərbaycan üçün prioritet illərdən biridir. Belə ki, Strateji Yol Xəritəsində 2020-ci il Azərbaycanda aparılan islahatlar dövrünün həlledici mərhələsi kimi dəyərləndirilir. Azərbaycan üçün strateji valyuta ehtiyatları mühüm əhəmiyyət kəsb edir. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hazırlanıb qəbul edilən zaman Azərbaycanın dövlət rezervləri cəmi 1,8 milyard dollar idi. Azərbaycan hətta ən çətin illərdə - 2015-ci, 2016-cı, 2017-ci illərdə belə valyuta ehtiyatlarını qoruya və artıra bilib. Təkcə 2019-cu ildə ölkəmizin rezervləri 6,4 milyard dollar, cari ilin yanvarında isə 1 milyard dollar artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 52 milyard dollara çatıb. Bu, ölkənin strateji ehtiyatı, iqtisadi müstəqilliyin və böyük dərəcədə siyasi müstəqilliyin təminatıdır. Dövlət rezervlərinin 2020-ci ildə də artırılması əsas hədəflərdəndir.
Ölkəmizin valyuta ehtiyatlarının artımı onu göstərir ki, Azərbaycan düzgün yoldadır və bu yolla gedəcək. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda rekord səviyyəyə çatan valyuta ehtiyatlarımızın əhəmiyyətini belə qeyd edib: “Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artıb. Bu, deyə bilərəm ki, son illər ərzində rekord göstəricidir. Baxmayaraq ki, büdcəmiz rekord həddə çatmışdır, biz yenə də valyuta ehtiyatlarımızı artırmışıq. Bu, daim belə olubdur. Hətta bizim üçün ən ağır, böhranlı illərdə, - o vaxt ki, dünya bazarlarında neftin qiyməti dörd dəfə düşmüşdü, - yenə də biz valyuta ehtiyatlarımızı artırmışdıq. Ancaq keçən il 6,4 milyard dollar həcmində artım, əlbəttə ki, düşünülmüş siyasəti əks etdirir. Biz vəsaitimizə qənaət edirik. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə dövlət investisiyaları qoyuruq. Eyni zamanda, valyuta ehtiyatlarımızın idarə edilməsindən də daha böyük vəsait əldə edirik. Burada bir çox amillər özünü göstərir. Çünki bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir, həm siyasi müstəvidə, həm iqtisadi sahədə, biznesin inkişafı baxımından”.
Qeyd etmək yerinə düşər ki, 2003-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatlarımız hazırda 52 milyard dollar civarındadır. Bu isə valyuta ehtiyatlarının 27 dəfə artması deməkdir. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarına görə MDB məkanında birinci yerdədir.
Müqayisə üçün bildirək ki, Azərbaycanın valyuta ehtiyatları 52 milyard dollar, Ermənistanın isə 2 milyard dollardır, fərq 25 dəfədir. Ölkəmizin valyuta ehtiyatları xarici dövlət borcundan 6,4 dəfə, Ermənistanın xarici dövlət borcu isə valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollara bərabərdir.
Bütün bu göstəricilər onu deməyə əsas verir ki, 2015-ci ildən ölkədə başlayan dərin islahatlar 2020-ci il üçün baza formalaşdırıb. Azərbaycan hökuməti ilə yanaşı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı da cari ildə ölkəmizdə iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır.