SİYASƏT
Azərbaycanın və BƏƏ-nin daxili işlər orqanları arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Əbu-Dabi, 21 dekabr, AZƏRTAC
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin Baş nazirinin müavini, daxili işlər naziri, general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-BƏƏ əlaqələrinə toxunan səfir qeyd edib ki, ölkələrimiz arasında münasibətlər, xüsusilə də siyasi əlaqələr yüksək səviyyədədir.
Bildirilib ki, 2015-ci ildə BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun ölkəmizə, bu ilin fevralında isə Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfərləri yüksək siyasi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfələr verib.
Diplomat 1991-ci ildə müstəqilliyin ilk illərində torpaqlarımızın Ermənistan tərəfindən işğalı faktı və ölkədaxili ictimai-siyasi mənzərə haqqında ətraflı məlumat verib. SSRİ dövründə tutduğu yüksək vəzifə ilə yanaşı, Azərbaycana rəhbərliyi ərzində əldə etdiyi geniş idarəçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışının daxili hərc-mərcliyə son qoyduğunu xüsusilə qeyd edib. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyinə, o cümlədən daxili işlər orqanlarına zəngin təcrübəyə malik vətənpərvər milli kadrların cəlb olunmasına başlanıldı.
Müstəqillik illərində Azərbaycanda daxili işlər orqanlarının uğurlu fəaliyyətindən geniş söhbət açan səfir ötən müddətdə ölkəmizdə ictimai asayişin, əmin-amanlığın və sabitliyin tam bərpa olunduğunu bildirib. Daxili İşlər Nazirliyinin tabeliyində olan bütün strukturların peşəkar işinin və maddi-texniki təchizatının ən yüksək səviyyəyə çatdırıldığını, habelə müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin daxili işlər orqanları ilə yüksək əməkdaşlıq, eyni zamanda, dostluq əlaqələrinin qurulduğunu qeyd edib. Diplomat hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində ölkəmizdə cinayətkarlığın müxtəlif növlərinə qarşı səmərəli profilaktik tədbirlərin gördüyünü, eləcə də baş vermiş cinayətlərinin üstünün açılması istiqamətində mühüm uğurların əldə edildiyini, habelə əhali arasında maarifləndirmə tədbirlərinin müntəzəm keçirildiyini söyləyib.
Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf etdiyini vurğulayan səfir mürəkkəb coğrafi məkanda yerləşən Azərbaycanda ictimai asayişin tam təmin olunduğunu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və mehribanlıq şəraitində yaşadıqlarını, onların Konstitusiyada təsbit olunan hüquq və azadlıqlardan sərbəst şəkildə istifadə etdiklərini bildirib.
Baş nazirin müavini Azərbaycanın daxili işlər orqanlarının peşəkar fəaliyyətinin və maddi-texniki imkanlarının yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib. O, mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycanda əhalinin, o cümlədən milli azlıqların təhlükəsizliyinin tam təmin olunduğunu diqqətə çatdırıb.
Şeyx Seyf bin Zayed qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rolunu xüsusi vurğulayıb, Azərbaycan tərəfini 2017-ci il fevralında Əbu-Dabidə keçiriləcək “IDEX 2017” Beynəlxalq müdafiə sərgi və konfransına dəvət edib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesindəki hazırkı durum, eləcə də Ermənistanda gərgin ictimai-siyasi vəziyyət barədə ətraflı məlumat verilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi