CƏMİYYƏT
Azərbaycanın və Belarusun vəkillər kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətində Belarus Respublikasının Vəkillər Kollegiyasının sədri Viktor Çayçitsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Vəkillər Kollegiyası ilə əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədini daşıyan görüşdə sədr Anar Bağırov, Rəyasət Heyətinin rəhbərliyi, habelə Vəkillərin Beynəlxalq İttifaqının üzvü, belaruslu vəkil Valerian Danilov iştirak ediblər.
Anar Bağırov son dövrlər ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi istiqamətində görülən işlər, vəkillərin sayının artırılması üzrə atılmış addımlar, vəkillərin ibtidai araşdırma və məhkəmə mərhələsindəki fəaliyyətləri barədə məlumat verib, bu sahədə xarici ölkələrin nümunəvi təcrübəsinin öyrənilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib.
Belaruslu qonaq öz ölkəsində vəkilliyin daha da müstəqil təsisata çevrilməsi istiqamətində görülən işlər, xüsusilə Belarus Respublikasında son dövrlər vəkillərin prosessual hüquqlarının artırılması üzrə atılmış addımlar, vəkilliyə qəbulun sadələşdirilməsi və vəkillərin sayının artırılması barədə həyata keçirilmiş tədbirlər haqqında danışıb.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşün sonunda Azərbaycan Respublikasının və Belarus Respublikasının Vəkillər kollegiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda Belarusda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan belarusluların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə təşəbbüslərə dair müddəalar təsbit olunub.