SİYASƏT
Azərbaycanın və Çexiyanın regionları arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
Praqa, 21 sentyabr, AZƏRTAC
Çexiyanın regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafı və dərinləşdirilməsi çərçivəsində Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev Cənubi Bohemiya regionuna səfər edib.
Səfər çərçivəsində səfir Cənubi Bohemiya regionunun paytaxtı Çex Budejovice şəhərinin meri Jiri Svoboda ilə görüşüb.
Görüşdə Çexiyanın sözügedən regionu ilə əməkdaşlıq əlaqələrinin qurulması, iqtisadiyyat və kənd təsərrüfatı sahələrində maraq kəsb edən istiqamətlərdə münasibətlərin inkişafı perspektivləri müzakirə olunub. Şəhər meri ölkəmiz ilə regional əməkdaşlığın qurulmasına töhfə verməyə hazır olduğunu məmnunluqla qeyd edib.
Fərid Şəfiyev, həmçinin Hluboka nad Vltavou şəhərində olub. Şəhərin meri Tomaş Jirsa ilə görüşdə Hluboka nad Vltavou şəhəri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.
Səfir Fərid Şəfiyev Cənubi Bohemiya regionunun, ümumiyyətlə Çexiyanın süd məhsulları istehsalı sahəsində ən böyük müəssisələrindən olan “Madeta” fabrikində də olub. Fabrikin icraçı direktoru Jan Teply səfir Fərid Şəfiyevə müəssisə haqqında ətraflı məlumat verib. Daha sonra səfir “Madeta” fabrikinin istehsal prosesi və məhsullarıyla tanış olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa