SİYASƏT
Azərbaycanın və Gürcüstanın bölgələri arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub
Tbilisi, 22 noyabr, AZƏRTAC
Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov şəhərin yeni seçilmiş meri Laşa Komaxidze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan, eləcə də hər iki ölkənin ayrı-ayrı bölgələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Rəşad İsmayılov Azərbaycanın paytaxtı Bakının tarixi haqqında məlumat verib, ölkəmizin sosial-iqtisadi, mədəni inkişafından danışıb. Bildirib ki, Bakıda və ölkəmizin digər regionlarında həyata keçirilən layihələr, genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri nəticəsində Azərbaycan böyük uğurlar qazanıb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunub, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılıb, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb.
Baş konsul, həmçinin Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlıq haqqında” Memorandumdan sonra hər iki region arasında siyasi, iqtisadi, turizm əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Görüşdə yaxın zamanda Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Laşa Komaxidze deyib ki, Azərbaycan Gürcüstanın yaxın dostudur. İki ölkə arasında əlaqələr son illər ərzində daha da möhkəmlənib və genişlənib. Bütün bunlar bizə ayrı-ayrı bölgələrimiz arasında münasibətlərin genişlənməsinə imkan yaradır. Batumi və Naxçıvan şəhərləri arasında əlaqələrin inkişafı digər bölgələr üçün nümunə ola bilər.
Mer əlaqələrimizin bundan sonra da genişlənməsində və möhkəmlənməsində maraqlı olduğunu qeyd edib.
Baş konsul Batumi şəhərinin merinə “Made in Azerbaijan” brendi altında istehsal edilən Azərbaycan məhsulu hədiyyə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi