ELM VƏ TƏHSİL
Azərbaycanın və Gürcüstanın müvafiq nazirlikləri dərsliklərin keyfiyyətinin artırılması istiqamətində birgə iş aparır
Tbilisi, 7 oktyabr, AZƏRTAC
Azərbaycanın gürcüdilli məktəbləri və Gürcüstanın azərbaycandilli məktəbləri üçün dərsliklərin keyfiyyəti yaxşılaşdırılacaq. Hazırda bu istiqamətdə müəyyən işlər görülür.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Təhsil və Elm Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq əlaqələr departamentinin rəisi Kaxa Xandolişvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında yalnız Ana dili və ədəbiyyat fənni üzrə dərsliklərin mübadiləsinə dair razılaşma var. Tarix, riyaziyyat, coğrafiya və digər fənlər üzrə dərsliklərin mübadiləsi hələlik nəzərdə tutulmayıb. Lakin bu dərsliklərin keyfiyyətinin artırılmasına ehtiyac var. Problemin həlli istiqamətində Azərbaycan tərəfi ilə razılıq var və bu istiqamətdə birgə iş aparılacaq.
Kaxa Xondolişvili bildirib ki, Azərbaycanın gürcüdilli məktəblərinə ana dili və ədəbiyyat dərslikləri göndəriləcək. Bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Artıq azərbaycanlı həmkarlarımızdan təsdiq alınıb və dərs vəsaitləri gələn həftə göndəriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi