SİYASƏT


Azərbaycanın və İspaniyanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Xarici İşlər naziri Elmar Məmmədyarovun ispaniyalı həmkarı xanım Arança Qonzalez Laya ilə telefon danışığı olub.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

İspaniya Xarici İşlər naziri Arança Qonzalez Laya mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində birgə səylərin və həmrəyliyin əhəmiyyətini vurğulayıb və Azərbaycanın Heydər Əliyev Mərkəzinin binasının üzərində İspaniya bayrağının işıqlandırılması ilə verdiyi həmrəylik ismarışına görə öz təşəkkürünü bildirib. Xanım nazir, həmçinin qlobal sağlamlıq böhranına qarşı birgə mübarizəyə dəstək ifadə edən məktubuna görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edib.

Nazirlər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildiriblər. Ölkələrin beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunmuş dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun olaraq BMT çərçivəsində əməkdaşlığını vurğulayıblar.

İki ölkə arasında strateji tərəfdaşlığa dair bəyannamənin yaxın gələcəkdə imzalanması və bu xüsusda yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd olunub. Tərəflər, habelə ölkələr arasındakı müqavilə hüquq bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazirlər iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi, habelə mədəni əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər pandemiyadan sonra qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün dəvətlərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.