SİYASƏT
Azərbaycanın və İsveçrənin parlamentləri arasındakı əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı bu ölkə parlamentinin yuxarı palatası - Kantonlar Şurasının sədri Filippo Lombardi ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, diplomat parlamentlərimiz arasındakı əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə etmiş, ölkələrimizin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini yüksək qiymətləndirmişdir. İsveçrə parlamentində 18 dostluq qrupunun fəaliyyət göstərdiyini vurğulayan səfir İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun onlardan biri olmasının əhəmiyyətindən danışmışdır. Parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd edən Ə.Zeynallı bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.
Görüşdə ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən uğurlu siyasət, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.