SİYASƏT
Azərbaycanın və İsveçrənin regionları arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı bu ölkənin Luqano şəhərində işgüzar səfərdə olub.
Ölkəmizin İsveçrə və Lixtenşteyndəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı Luqano şəhərinin meri Marko Borradori ilə görüşən Əkrəm Zeynallı Azərbaycan-İsveçrə münasibətlərinin inkişaf dinamikasından bəhs edib, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə yüksək səviyyəli əməkdaşlığın iki ölkənin regionları arasında da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Səfir bu xüsusda ölkəmizin Luqano ilə Azərbaycan şəhərlərindən biri arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Azərbaycan-İsveçrə münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu bildirən Luqanonun meri M.Borradori ölkəmizdə son illərdə müşahidə edilən sürətli inkişafdan xəbərdar olduğunu qeyd edib. O, keçən il keçirilmiş birinci Avropa Oyunlarını və bu ilin iyununda təşkil edilmiş Formula-1 Avropa Qran-pri yarışını televiziyadan canlı izlədiyini və gördüyü inkişafdan heyrətləndiyini vurğulayıb.
Luqano şəhərinin meri Azərbaycan-İsveçrə əlaqələrinin regionlararası əməkdaşlıq münasibətlərinin yaradılması ilə daha da inkişaf etdirilməsinə töhfə verməyə hazır olduqlarını söyləyib, bu çərçivədə Azərbaycanın şəhərlərindən biri ilə qarşılıqlı faydalı tərəfdaşlığın qurula biləcəyini bildirib.
Görüşün sonunda Luqano şəhəri ilə səfirlik arasında mədəni sahədə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, Azərbaycanın həmin şəhərdə daha geniş təbliği üçün mədəni tədbirlərin keçirilməsi barədə ilkin razılıq əldə olunub.