CƏMİYYƏT


Azərbaycanın və Latviyanın koronavirusa qarşı həyata keçirdikləri mübarizə tədbirləri müzakirə olunub

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan və Latviyanın yerli idarəetmə orqanları və onların milli assosiasiyalarının nümayəndələrinin iştirakı ilə onlayn konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirilib.

Tədbirdə hər iki dövlətin yerli idarəetmə orqanlarının koronavirus (COVID-19) pandemiyası dövründə həyata keçirdikləri mübarizə tədbirləri, Azərbaycan və Latviyanın yerli qurumlarının əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Konfransda çıxış edən Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun rəhbəri, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov, həmin işçi qrupunun üzvü, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov əvvəlcə uzun müddət işğal altında olan torpaqlarımızın təcavüzkarlardan təmizlənməsi üçün aparılan əks-hücum əməliyyatları, döyüş bölgəsindən kənarda yerləşən Gəncə, Mingəçevir, Bərdə kimi şəhər və rayonlarımızda dinc əhalinin erməni silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalması, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması barədə məlumat verdilər. İşğaldan azad olunmuş ərazilərdə tezliklə infrastrukturun tam bərpa edilməsi, geniş abadlıq-quruculuq işlərinin aparılması, daimi yaşayış yerinə qayıdacaq əhali üçün hər cür şəraitin yaradılması və həmin ərazilərdə ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarının yaradılması ilə bağlı yaxın gələcəkdə Azərbaycan dövlətinin aparacağı tədbirlərdən danışılıb.

Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, vətəndaşlara dövlət qayğısının artırılması, genişmiqyaslı sosial layihələr barədə təqdimat iştirakçıların diqqətinə çatdırılıb.

Latviya Yerli Hakimiyyətlər İttifaqının sədri Gints Kaminskis, Baş katib Mudite Priede, Preyli diyarının meri Maruta Plivda, Yekabpils şəhərinin meri Ayvars Kraps Azərbaycan Ordusunun qazandığı Qələbə və münaqişə bölgəsində sülhün bərqərar olmasına görə azərbaycanlı həmkarlarını təbrik ediblər. Natiqlər Latviyada koronavirus pandemiyası ilə mübarizə tədbirlərindən, yerli idarəetmə sahəsində aparılan islahatlardan, azərbaycanlı həmkarları ilə, xüsusən də qardaşlaşmış şəhərlərlə əməkdaşlığın perspektivlərindən danışıblar.

Onlayn görüşdə hər iki ölkənin şəhər və rayonları üzrə təqdimatlar keçirilib. Azərbaycanın Bərdə, Bakı şəhərinin Suraxanı, Qaradağ, Gəncə şəhərinin Nizami rayonlarının yerli idarəetmə orqanlarının, Latviyanın Preyli, Yekabpils bələdiyyələrinin fəaliyyəti, nümunəvi iş təcrübəsi və pandemiya dövründə görülmüş zəruri tədbirlər barədə məlumat verilib.

Qeyd olunub ki, hər iki ölkənin yerli idarəetmə orqanları və milli assosiasiyaları arasında əlaqələr daha da möhkəmləndirilməli, gələcəkdə yerli iqtisadi və sosialyönümlü birgə layihələrin reallaşdırılması üçün müzakirələr davam etdirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.