SİYASƏT


Azərbaycanın və Latviyanın müstəqilliklərinin 100 illiyi Riqada qeyd edilib VİDEO

Riqa, 29 noyabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqada “Birləşmiş Avropa layihəsinə yeni baxış” adlı konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, toplantıda Mərkəzin İdarə Heyətinin həmsədrləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Mərkəzin Qəyyumlar Şurasının sədri Nazim İbrahimov, sabiq dövlət başçıları Valdis Zatlers, Petar Stoyanov, İvo Yosipoviç, Hikmət Çətin, Ekmeleddin İhsanoğlu, həmçinin Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov və digərləri iştirak edirlər.

Konfransın ilk günü Azərbaycanın və Latviyanın müstəqilliklərinin 100-cü ildönümünə həsr olunmuş ziyafət təşkil olunub.

Ziyafətdə çıxış edən Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin həmsədri Vayra Vike-Frayderberqa hər iki ölkənin müstəqilliyə gedən çətin və şərəfli yolundan bəhs edib. O qeyd edib ki, hər iki ölkə ikinci dəfə müstəqilliklərini bərpa edəndən sonra sürətli inkişaf yoluna qədəm qoyub və bu gün beynəlxalq nüfuza sahibdirlər.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov tədbirdə çıxış edərək 2012-ci ildə yaradılan, dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin adını daşıyan Mərkəzin öz fəaliyyətindən ətraflı bəhs edib. Qeyd edib ki, dünyanın tanınmış simalarını bir araya gətirən Mərkəz müasir dövrün qlobal çağırışları və bəşəriyyətin üzləşdiyi aktual məsələlərin müzakirə olunduğu mühüm platformadır.

Bu ilin həm Azərbaycan, həm də Latviya üçün əlamətdar olduğunu deyən səfir 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin də qeyd edildiyini diqqətə çatdırıb. Cavanşir Axundov Azərbaycan-Latviya münasibətlərinin strateji əhəmiyyət daşıdığını bildirib və əlaqələrimizin bütün sahələr üzrə inkişaf etdiyini məmnunluqla qeyd edib.

Konfrans işini noyabrın 29-da yekunlaşdıracaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.