CƏMİYYƏT
Azərbaycanın və Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq daha da genişlənir
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Moldovanın daxili işlər naziri Aleksandr Jizdan ölkəmizdə səfərdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir R.Usubov xalqlarımızı hər zaman möhkəm dostluq telləri bağladığını, son illər respublikalarımız arasında bütün sahələrdə dialoq və əməkdaşlığın genişlənərək yüksək səviyyəyə çatdığını, dövlətlərimizin başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində əlaqələrin daha da dərinləşdiyini xatırladıb.
Ölkələrimizin müvafiq strukturları arasında uzun illərdir mövcud olan sıx və işgüzar əlaqələri diqqətə çatdıran general-polkovnik R.Usubov istər ikitərəfli, istərsə də çoxtərəfli formatda - Beynəlxalq Kriminal Polis (İnterpol), Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) və GUAM təşkilatları çərçivəsində işbirliyinin uğurla davam etdirildiyini, xüsusən qabaqcıl təcrübə və məlumat mübadiləsində maraqlı olduğumuzu, belə görüşlərin münasibətlərin daha da inkişaf etdirilməsinə yeni töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Qonağa ölkədəki kriminogen durum, müstəqilliyin ilk illərində ictimai-siyasi vəziyyət, xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışı, onun rəhbərliyi ilə həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar, cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verilib.
Nazir əsası Ulu Öndər tərəfindən qoyulmuş, ölkəmizin dünyada müstəqil siyasət yeritməsinə və milli maraqların qorunmasına əsaslanan, islahatlar və demokratik dəyişikliklər kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, xidməti fəaliyyətin təkmilləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığını vurğulayıb.
Xüsusilə qeyd olunub ki, hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, hüquq qaydasına riayət edilməsinə videonəzarətin fasiləsiz həyata keçirilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Nazirlikdə “Təhlükəsiz Şəhər” Xidmətinin, “102-Zəng Mərkəzi”nin yaradılması, inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla “sahə rəisi” kimi yeni təsisatın uğurla tətbiqi ilk növbədə vətəndaş məmnunluğunun təmininə, onların müraciətlərinə operativ şəkildə reaksiya verilməsinə, həssaslıqla yanaşılmasına xidmət edir.
Moldovanın daxili işlər naziri Aleksandr Jizdan yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkür edib, səfərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini bildirib. O, rəhbərlik etdiyi qurumun da bu istiqamətdə səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduqlarını vurğulayıb. Qonaq son illər Azərbaycan DİN-in Polis Akademiyasını bitirmiş 22 məzunun hazırda Moldova daxili işlər orqanlarının sıralarında uğurla xidmət etdiklərini, yüksək ixtisaslı, ali təhsilli hüquqşünas kadrların hazırlanmasında ölkəmiz tərəfindən göstərilən dəstəyin bundan sonra da davamlı olmasının onlar üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, narkotiklərin qanunsuz dövriyyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Sonda Aleksandr Jizdan Azərbaycanın daxili işlər nazirini ölkəsinə səfərə dəvət edib.
Səfər çərçivəsində qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi”nə və “Təhlükəsiz şəhər” xidmətinə, paytaxtdakı polis sahə məntəqələrindən birinə, həmçinin Əlahiddə Çevik Polis Alayına gedərək həmin qurumların fəaliyyətləri ilə yaxından tanış olublar.