ELM VƏ TƏHSİL
Azərbaycanın və Moldovanın Elmlər akademiyaları arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə moldovalı həmkarı, akademik Georgi Duka ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Akif Əlizadə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirilən islahatlar haqqında məlumat verib. Vurğulanıb ki, AMEA dünyanın bir çox elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir, təcrübə və kadr mübadiləsi aparır, müştərək layihə və tədqiqatlar həyata keçirir. A.Əlizadə Azərbaycan və Moldova Elmlər akademiyaları arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
G.Duka Moldova Elmlər Akademiyasının nailiyyətlərindən danışıb, rəhbərlik etdiyi qurumun nəzdində istedadlı uşaqlar üçün liseyin fəaliyyət göstərdiyini deyib. Moldova Elmlər Akademiyası tərəfindən bağlanılan ikitərəfli müqavilələr haqqında məlumat verən qonaq qeyd edib ki, bu sənədlərə əsasən hər iki iştirakçı ölkənin prioritetlərinə uyğun olaraq müştərək layihələr həyata keçirilir.
Söhbət zamanı AMEA-da magistratura təhsil pilləsinə qəbulun nəticələrindən danışan A.Əlizadə bildirib ki, qəbulda ən böyük müsabiqə məhz akademiyada müşahidə edilib. AMEA-nın prezidenti bunu akademiyanın institutlarının böyük elmi potensiala malik olması, elmi müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsi və yeni avadanlıqlarla təchiz edilməsi ilə əlaqələndirib.
Moldova Elmlər Akademiyasının prezidenti hər iki ölkənin hökumətləri ilə razılaşdırılan ikitərəfli proqramın hazırlanmasını təklif edib. Akademikin bu təklifi AMEA-nın rəhbərliyi tərəfindən rəğbətlə qarşılanıb.
G.Duka A.Əlizadəni gələn ilin martında Moldovada təşkil olunacaq konfransa dəvət edib.