CƏMİYYƏT
Azərbaycanın və Monteneqronun Ali məhkəmələri arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
Bakı, 26 sentyabr, AZƏRTAC
Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsanın başçılıq etdiyi və Monteneqronun birinci xanımı, Ali Məhkəmənin hakimi Svetlana Vuyanoviçin də daxil olduğu nümayəndə heyəti sentyabrın 25-də Azərbaycana səfərə gəlib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 26-da nümayəndə heyətinin üzvləri Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üstünə gül-çiçək dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Həmin gün Azərbaycan Respublikası Ali Məhkəməsində Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Monteneqro Ali Məhkəməsinin nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu bildirib, iki ölkə arasında əlaqələrin intensiv xarakter aldığını qeyd edib. Ali Məhkəmənin sədri 2014-cü ilin oktyabrında Vesna Medenitsanın Azərbaycana səfərini və 2016-cı ilin iyununda özünün Monteneqroya rəsmi səfərini xatırladıb.
Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatlarının səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində əksini tapdığını bildirib. Qeyd edib ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinad olunur. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir.
Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsa Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərdiklərini qeyd edib. O, qarşılıqlı əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu münasibətlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində görülən tədbirlər və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə tarixi muzeyinə baxıb, xatirə kitabına ürək sözlərini yazıblar.
Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.