CƏMİYYƏT
Azərbaycanın və Polşanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Polşa Respublikasının ölkəmizdəki səfiri Rafal Poborski ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kamran Əliyev Azərbaycan ilə Polşa arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq-mühafizə orqanlarının əməkdaşlığından danışıb.
Baş prokuror otuz ilə yaxın dövrdə Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.
Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun təşkil etdiyi brifinqlərdə Polşa səfirliyinin iştirakına görə təşəkkürünü bildirib.
Rafal Poborski ikitərəfli münasibətlərə toxunaraq Polşanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb. Xüsusilə qeyd olunub ki, Polşa Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və bundan sonrakı dövrdə regionda sülhün və əmin-amanlığın bərqərar olacağına ümid edir.
Rafal Poborski hər iki ölkənin rəhbərləri arasındakı dostluq münasibətlərinin nazirliklər, müxtəlif qurumlar, hüquq-mühafizə orqanları, həmçinin prokurorluqlar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdıraraq, bu işbirliyinin beynəlxalq qurumlar və ikitərəfli münasibətlər çərçivəsində davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Baş Prokuror Kamran Əliyev səfir Rafal Poborskinin təklifinin vacibliyini qeyd edərək hər iki ölkənin prokurorluq orqanları arasında korrupsiyaya qarşı mübarizə, pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluq və digər beynəlxalq cinayətlərə qarşı mübarizədə müxtəlif beynəlxalq proqramlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.