SİYASƏT


Azərbaycanın və Polşanın xarici işlər nazirlərinin görüşü olub

Bakı, 17 aprel, AZƏRTAC

Polşa Respublikasına səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin xarici işlər naziri Yaçek Çaputoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə nazirlərin təkbətək görüşü olub. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini diqqətə çatdırıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayan nazir Elmar Məmmədyarov Polşanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə həmkarına təşəkkürünü bildirib.

Eyni zamanda, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və infrastruktur layihələri haqqında məlumat verən nazir Elmar Məmmədyarov bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyətini diqqətə çatdırıb. Eləcə də Trans-Xəzər və Cənub-Qərb nəqliyyat dəhlizləri haqqında danışan nazir Elmar Məmmədyarov Azərbaycanın Polşa ilə bu istiqamətdə əməkdaşlıq etdiyini və bu münasibətlərin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Nazir Yaçek Çaputoviç iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib. O, Polşanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığını dəstəklədiyini vurğulayaraq ölkəsinin Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafında maraqlı olduğunu xüsusi qeyd edib.

Nazirlər iki ölkə arasında qarşılıqlı səfər mübadiləsi, ticarət dövriyyəsinin artırılması və müqavilə-hüquq bazasının genişləndirilməsi kimi məsələləri müzakirə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.