CƏMİYYƏT


Azərbaycanın və Rusiyanın Daxili İşlər nazirlikləri arasında əlaqələr möhkəmlənir

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Sergey Umnovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 19-da nümayəndə heyəti Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq məzarı üstünə tər çiçəklər düzülüb.

Sonra daxili işlər naziri Ramil Usubov ilə Sergey Umnovun görüşü olub.

Nazir R.Usubov Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq, son illər qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər, aparılan danışıqlar nəticəsində ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini məmnunluqla vurğulayıb. Bu kontekstdə Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyətinin ötən ilin dekabrında Bakıya rəsmi səfəri, 2017-2019-cu illərdə Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında protokolun imzalanması, müxtəlif istiqamətlərdə, o cümlədən cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin təşkili diqqətə çatdırılıb.

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi, o cümlədən Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarə ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, xüsusən kadr hazırlığı, məlumat və təcrübə mübadiləsinə ciddi diqqət yetirildiyini bildirən nazir əməliyyat-xidməti fəaliyyətin əsas istiqamətləri üzrə əməkdaşlığın genişlənməsində Azərbaycan tərəfinin qərarlı olduğunu, bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Polis general-leytenantı Sergey Umnov əməkdaşlığın dərinləşdirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb, səfərinin bu prosesə böyük təkan verəcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Səfər çərçivəsində rusiyalı qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” və “Təhlükəsiz şəhər” xidmətlərinə, həmçinin Əlahiddə Çevik Polis Alayına gedərək, həmin qurumların işi və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.