SİYASƏT


Azərbaycanın və Serbiyanın xarici işlər nazirlərinin görüşü olub VİDEO

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər arasında təkbətək formatda başlayan görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın Serbiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. O, ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli siyasi dialoqun, xüsusilə də dövlət rəhbərləri arasındakı mehriban münasibətlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan-Serbiya münasibətlərinin təməlində beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət və riayətin dayandığı diqqətə çatdırılıb.

Nikola Selakoviç Azərbaycanı yalnız strateji tərəfdaş deyil, səmimi və açıq dostluq münasibətlərinin bölüşüldüyü ölkə kimi qiymətləndirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilmiş görüşə və aparılmış müzakirələrə məmnunluqla istinad edib. Nazir beynəlxalq hüquqla bağlı öhdəliklərimizi və bölüşdüyümüz dəyərləri qeyd edərək, hər iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstəyini vurğulayıb.

Nazirlər, ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının, onun ardınca isə Azərbaycan-Serbiya biznes forumunun Bakıda keçiriləcəyi qeyd olunub. Bu tədbirlərin ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərəcəyindən inam ifadə edilib.

Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan postmünaqişə mərhələsi barədə, o cümlədən azad edilmiş ərazilərdəki vəziyyət, mina təhlükəsi, həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında məlumat verib. Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının zəruriliyini bildirib.

Nazirlər Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə bu ilin oktyabrında Belqradda təşkilatın ilk Zirvə görüşünə ev sahibliyi edən ölkə qismində Serbiya, Hərəkatın hazırkı sədri qismində Azərbaycan tərəfindən tədbirin keçiriləcəyini və bu xüsusda aparılan hazırlıq işlərini məmnunluqla qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.