SİYASƏT


Azərbaycanın və Venesuelanın Xarici İşlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Venesuelanın Xarici İşlər naziri Xorxe Alberto Arreaza Montserrat iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Elmar Məmmədyarov məktubunda Azərbaycan ilə Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarı Xorxe Alberto Arreaza Montserratı təbrik edib.

Məktubda 25 il ərzində iki ölkə arasında qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında formalaşmış münasibətlərin Azərbaycan-Venesuela ikitərəfli əlaqələrinin daha da inkişaf etməsi üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Həmçinin nisbətən qısa müddət ərzində ölkələr arasında dostluq əlaqələrinin daha da genişləndiyi və bir çox sahələri əhatə etdiyi, xüsusən də ikitərəfli siyasi dialoq, Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyət vurğulanıb.

Nazir Elmar Məmmədyarov nazirliklər arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində hərtərəfli və ardıcıl əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Venesuelanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə verdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. Nazir beynəlxalq ictimaiyyətin üzvlərinin prinsipial mövqeyi əsasında münaqişənin tezliklə həllini tapacağına ümid bəslədiyini qeyd edib.

Qeyd olunub ki, Azərbaycan qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək üçün Qoşulmama Hərəkatına çoxtərəfli format kimi xüsusi əhəmiyyət verir. Nazir Qoşulmama Hərəkatı Təmas Qrupunun dövlət və hökumət başçılarının mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən “COVID-19 pandemiyasına qarşı birlikdə” mövzusundakı Zirvə görüşünü xatırladaraq, Qoşulmama Hərəkatı Üçlüyü və yeni yaradılan İşçi Qrupunun üzvləri olaraq, müasir dünyanın əsas çağırışlarına cavab verəcək Hərəkatın rolunun və effektivliyinin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdiriləcəyindən əminliyini bildirib.

Sonda Elmar Məmmədyarov ən xoş arzularını çatdırıb, dost Venesuela xalqına xoşbəxtlik, sülh və firavanlıq arzulayıb.

Öz növbəsində Xorxe Arreaza iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun, Venesuela xalqının adından və şəxsən öz adından ən xoş təbriklərini nazir Elmar Məmmədyarova çatdırıb.

Venesuela ilə Azərbaycanın hazırda Qoşulmama Hərəkatı Üçlüyünün üzvü olduğu qeyd edilərək, bunun xalqlarımızın daha da yaxınlaşmasına imkan verəcəyi bildirilib. Vurğulanıb ki, mayın 4-də Azərbaycanın müdrik sədrliyi ilə Hərəkat bütün insanlığa qeyri-müəyyən şəkildə hücum edən COVID-19 pandemiyasına qarşı mübarizənin aparılması üçün çoxtərəfli çərçivədə səmərəli və davamlı həll yollarının tapılmasını təbliğ edib.

Venesuelanın Xarici İşlər naziri 2017-ci ildə Bakı şəhərində diplomatik nümayəndəliyin açılmasının ölkəsinin Azərbaycan və Orta Asiya ilə münasibətləri yeni səviyyəyə yüksəltdiyini, həmin qərarın hər iki ölkə arasında, həmçinin bölgə ilə mövcud olan dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməyə və genişləndirməyə imkan yaratdığını qeyd edib.

Sonda nazir Xorxe Arreaza Azərbaycan xalqına tərəqqi, firavanlıq və inkişaf arzularını çatdırıb, xalqlarımızın suverenliyinə və öz müqəddəratına hörmətdən ilhamlanan çoxtərəfli bir dünya qurmaq kimi ortaq dəyərləri güdən ikitərəfli münasibətlərin möhkəmləndirilməsi arzusunu ifadə edib.

Xatırladaq ki, Azərbaycan ilə Venesuela arasında diplomatik münasibətlər 1995-ci il mayın 12-də qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.