İQTİSADİYYAT
Azərbaycanın vergi əməkdaşları İtaliyada səfərdə olublar
Bakı, 20 noyabr, AZƏRTAC
İtaliya Gəlirlər Agentliyinin dəvəti ilə Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsi və Tədris Mərkəzinin əməkdaşları İtaliyada işgüzar səfərdə olublar.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı vergi orqanlarında aparılan kadr siyasəti və kadr potensialının artırılması istiqamətində görülən işlər, təlim və inkişaf məsələlərinin təşkili, Tədris Mərkəzinin elmi tədqiqat və əməkdaşlıq fəaliyyəti, müasir tələblər nəzərə alınmaqla elmi potensialın artırılması istiqamətində görülən tədbirlərlə bağlı məlumat verilib.
Səfər çərçivəsində insan resursları və təlimlərin təşkili sahəsində iki ölkə arasında təcrübə mübadiləsinin perspektivləri müzakirə olunub.
Tədbirdə ölkəmizi Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsinin rəis müavini Kamran Məmişov, Tədris Mərkəzi rəisinin birinci müavini Ceyhun Mehdiyev və Mərkəzin rəis müavini Mirəli Kazımov təmsil ediblər.