MƏDƏNİYYƏT
Azərbaycanın xalq artisti Fidan Hacıyevadan möhtəşəm konsert VİDEO
Bakı, 19 aprel, Abdulla Suvar, AZƏRTAC
Aprelin 19-da Heydər Əliyev Sarayının səhnəsi başdan-başa ağ çiçəklərə qərq olmuşdu. Ölkənin bir nömrəli konsert salonunda baharın gəlişi duyulurdu. Xüsusi zövqlə hazırlanmış bu salon sayılıb-seçilən ifaçımız, Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın şərəfinə bəzədilmişdi.
AZƏRTAC xəbər verir ki, məlahətli, bənzərsiz ifaları ilə milyonların qəlbini fəth edən Xalq artisti Fidan Hacıyeva “Bir bahar axşamı” adlı konsert proqramı ilə yenidən sənətsevərlərə bahar təravətli, bahar qoxulu bir gecə yaşatdı.
Əvvəlki konsertlərindən fərqli olaraq, bu dəfə ifaçı müxtəlif dillərdə mahnı və romans janrına üstünlük verib. Konsertdə yeni mahnılar səsləndirən müğənnini ilk dəfə olaraq Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılan estrada-simfonik orkestri müşayiət edib. Orkestrin dirijoru Azər Allahverdiyev, bədii rəhbəri bəstəkar və pianoçu, əməkdar artist Salman Qəmbərovdur.
Həmişəki kimi o, bu dəfə də səhnəyə böyük sevgi ilə çıxdı. Elə ilk ifadan tamaşaçı sevgisinin tükənməzliyini ona ünvanlanan alqışlardan duyub hiss etdi. F.Hacıyeva ona ayrılmış vaxtda əsl peşəkar olmasını bir daha nümayiş etdirməyi bacardı. O, konsert zamanı Azərbaycan və dünya bəstəkarların əsərlərini də böyük ustalıq və məharətlə dinləyiciyə çatdırmağı bacardı.
Hələ uşaq yaşlarından doğma musiqimizə hədsiz sevgi ruhunda böyümüş Fidan xanımın bu məhəbbəti, bu istəyi sonradan ölməz klassik musiqini də dərindən anlamağa və qavramağa imkan verib. Bununla belə, onun repertuarında mürəkkəb opera partiyaları ilə yanaşı, xalq və estrada mahnıları, romanslar da vardır.
Fidan Hacıyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano sinfində təhsil aldığı illərdə sənət eşqi onu Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki xora gətirib çıxarıb və onun opera səsinə malik olması burada üzə çıxıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alması öz bəhrəsini verib. Konservatoriyada onun müəllimi olmuş professor Hüseyn Əliyev Fidanın həyatında, sözün həqiqi mənasında, əvəzsiz rol oynayıb.
Fidan Hacıyeva opera teatrının solisti olanda cəmi 19 yaşı vardı. O vaxt o, Jorj Bizenin eyniadlı operasında Karmenin rəfiqəsi Mersedesin partiyasını yaratmışdır. Cəmi iki il sonra isə ona artıq Karmenin çox mürəkkəb partiyasını etibar etdilər və Fidan Hacıyeva bu rolun ən gənc ifaçısı oldu. Karmen rolu gənc müğənni üçün bir növ vizit vərəqəsinə çevrilmişdir.
Fidan oxuyanda sanki göylər oxuyur, səma musiqisi səslənir, insan qəlbinin telləri onun səsi ilə həmahəng titrəməyə başlayır. Çünki Fidan bütün qəlbi, bütün varlığı ilə oxuyur, səs çalarlarının özəlliyini, tələffüz etdiyi hər bir sözün mənasını, hər bir ahəngi dinləyiciyə çatdırmağa çalışır.
O, Azərbaycan opera səhnəsində “Aida”da Amneris, “Trubadur”da Azuçena, “Riqoletto”da Maddalena, Cüzeppe Verdinin “Traviata”sında Flora, Cakomo Rossininin “Seviliya bərbəri”ndə Rozina, Maskanyinin “Kənd namusu” əsərində Santuttsi, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Asya, Fikrət Əmirovun “Sevil” operasında Gülüş obrazlarını yaradıb.
“Mən zəif müğənnilər arasında hamıdan yaxşı olmaq istəmirəm, mən həm səsdə, həm də temperamentdə güc hiss etməliyəm. Tərəf-müqabilim zəifdirsə, onunla birgə çıxış etmək mənim üçün maraqsız olur”, - deyən müğənni gənc istedadlarla işləməyi xoşlayır. O, bu dəfə də ənənəsinə sadiq qalıb və gənc ifaçı Ələsgər Əliyevlə birgə çıxış edib. Bu, gənc ifaçı üçün debüt olub.
Konsertin fərqli tərəflərindən biri də adına uyğun olaraq opera müğənnisinin libaslarının baharı andıran rəng çalarlarında olması idi. Hər bir mahnı üçün ayrı-ayrı klip formasında videoçarxların nümayiş olunduğu gecədə sənətkar ona sənət şöhrəti gətirən “Karmen”i də unutmayıb. Bu opera əsərindən də parçalar ifa edib.
Bütün konsertlərində olduğu kimi, bu dəfə də görkəmli müğənni orijinal oxu tərzi, ifa üslubu ilə tamaşaçı diqqətini cəlb etməyi bacardı. “Bir bahar axşamı”nda səslənən ifalar bir daha sübut etdi ki, ürəkdən gələn ifaya, həqiqi istedada heç kəs laqeyd qala bilmir. Məhz buna görə də Fidanın hər bir ifası sürəkli alqışlarla qarşılandı.
İnanırıq ki, məqsədi, məramı Azərbaycan musiqisini dünyada təbliğ etmək olan Fidan Hacıyeva bir-birindən parlaq çıxışları ilə qədim Odlar Yurdunun sənət şöhrətini göylərə qaldıracaq, tamaşaçılar isə onun ifasını hər zaman ayaqüstə alqışlayacaqlar. Biz də bu yolda ona bir daha uğurlar arzulayırıq.