SİYASƏT
Azərbaycanın xarici işlər naziri Asiya İnkişaf Bankının ölkə üzrə direktoru ilə görüşüb
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Kendis Makdeyqan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə bölgədə mövcud olan vəziyyət, həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyi vurğulanıb. Üçtərəfli bəyanatların icrası, o cümlədən kommunikasiya və nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağı qeyd olunub.
Kendis Makdeyqan təqdim olunan məlumatların mövcud vəziyyətin ümumi kontekstinin başa düşülməsi üçün önəmli olduğunu bildirib. O, Azərbaycan tərəfi ilə bu günədək bir çox sahələrdə, o cümlədən nəqliyyat, enerji, informasiya texnologiyaları, su və digər şəhər infrastrukturu xidmətləri və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib və bağlılıq sahəsinin əsas istiqamət olaraq qaldığını vurğulayıb. K.Makdeyqan Azərbaycanın cari il ərzində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq üzrə nazirlər konfransına ev sahibliyi edəcəyini məmnunluqla səsləndirib.
Nazir Asiya İnkişaf Bankının Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və rəqabətin artırılması sahələrinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini həmsöhbətin diqqətinə çatdırıb.