SİYASƏT


Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi ilə görüşüb

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Aİ ilə Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərinin perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu xüsusda Azərbaycan - Aİ münasibətlərinin hüquqi əsasını təşkil edəcək ikitərəfli Saziş üzrə danışıqların hazırkı statusu müzakirə olunub, bərabər tərəfdaşlığa əsaslanacaq yeni Sazişin yekunlaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı, həmçinin ilin sonunda keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələləri müzakirə edilib.

Daha sonra tərəflər regiondakı son vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov müharibədən sonrakı mərhələdə həyata keçirilən bərpa və yenidənqurma işləri, işğaldan azad edilmiş ərazilərimizin Ermənistan tərəfindən kütləvi minalanması nəticəsində humanitar fəsadlar ilə bağlı məsələləri Ali nümayəndənin diqqətinə çatdırıb.

Ali nümayəndə Cozef Borel bərpa və yenidənqurma mərhələsində aidiyyəti üzrə Aİ-nin də iştirakının mümkünlüyünü qeyd edib.

Görüşdə habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.