SİYASƏT


Azərbaycanın xarici işlər naziri Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Çili arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynadığı vurğulanıb.

Nazir Elmar Məmmədyarov bu ilin oktyabrında keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitində Çili tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu qeyd edib.

Qabriel Xara ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Bu baxımdan tərəflər arasında iqtisadi, ticarət, eləcə də sərmayə qoyuluşu kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün biznes forumun keçirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı tərəflər arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazir Elmar Məmmədyarov Qabriel Xaraya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.