SİYASƏT
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Rossiya 24” telekanalına müsahibə verib VİDEO
Moskva, 26 may, AZƏRTAC
Moskvada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Rossiya 24” telekanalına müsahibə verib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edən E.Məmmədyarov vurğulayıb ki, Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqların əsas mövzusu “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini hərəkətə gətirmək üçün Rusiyanın qəti və aydın istəyi” olub.
“Şərq tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin Riqada keçirilən zirvə görüşünə toxunan nazir bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini hüquq bərabərliyinə və qarşılıqlı hörmətə söykənən ikitərəfli münasibətlər prizmasından çıxış edərək qurur.
“Cənub” qaz dəhlizi layihəsindən söz açan E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan bu layihədə mühüm rol oynayır. Nazir deyib: “Azərbaycandan qaz olmasa, layihə də olmayacaq”.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri müsahibəsində Ukrayna böhranının həlli, Avrasiya İqtisadi İttifaqı, ölkəmizdə qarşıdan gələn parlament seçkiləri və “Bakı–2015” birinci Avropa Oyunları ilə bağlı məsələlərə də toxunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva