SİYASƏT


Azərbaycanın xarici işlər naziri Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb

Bakı 23 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində sentyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacraf ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı hörmət və dostluğa əsaslandığı qeyd edilib.

Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağından əminlik ifadə edilib.

Nazir Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğu yüksək qiymətləndirilib.

Baş katib Azərbaycanın keçmiş münaqişə ilə bağlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman birmənalı və tam şəkildə dəstəkləndiyini qeyd edib.

Tərəflər Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə 2021-2025-ci illər üzrə Fəaliyyət Planının işlənib hazırlanması, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.