SİYASƏT


Azərbaycanın xarici işlər naziri Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov qarşı tərəfi səmimiyyətlə salamlayıb, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyətini məmnunluqla qeyd edib. Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəkləməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Sərhəd İşləri Təşkilatının səfəri çərçivəsində keçirdiyi görüşlərin və işğaldan azad olunmuş ərazilərə baş çəkmələrinin bölgədəki vəziyyətlə yaxından tanış olmaq üçün əlverişli imkan yaratdığı qeyd olunub. Ümumilikdə bu səfərin faydalı olacağı və ölkələrimiz arasında inkişaf edən əlaqələrə müsbət töhfə verəcəyinə inam ifadə edilib.

Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfar, öz növbəsində, səmimi qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib, Azərbaycan dövləti və xalqını Qələbə münasibətilə bir daha təbrik edib. O, işğaldan azad olunmuş məntəqələrə səfərləri çərçivəsində bu ərazilərdə törədilmiş dağıntıların miqyasının şahidi olduqlarını təəssüflə qeyd edərək, buna rəğmən, ərazilərin Azərbaycanın nəzarətinə qayıtmasından böyük fəxr hiss etdiklərini vurğulayıb.

Söhbət zamanı qarşı tərəf cari səfəri olduqca məhsuldar qiymətləndirib.

Görüşdə, həmçinin ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.