İQTİSADİYYAT
Azərbaycanın xarici ticarət dövriyyəsi 21,3 milyard dollar təşkil edib
Bakı, 30 iyul, AZƏRTAC
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 21348,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 16212,6 milyon dollar, idxalın dəyəri 5135,6 milyon dollar təşkil edib, nəticədə 11077 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 75,5 faiz, real ifadədə isə 10 faiz artıb. İxrac real ifadədə 17,6 faiz artıb, idxal isə 3,4 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 91,6 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, İsrail, Çin, Birləşmiş Krallıq, Almaniya, Yunanıstan, Portuqaliya, Ukrayna, Gürcüstan, İspaniya, Tunis, Tailand, Qazaxıstan, İran, ABŞ, Çexiya, İsveçrə, Vyetnam və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,9 faizi Rusiyanın, 16,6 faizi Türkiyənin, 14,9 faizi Çinin, 4,5 faizi Qazaxıstanın, 4,4 faizi Almaniyanın, 3,5 faizi İranın, 2,7 faizi ABŞ-ın, 2,3 faizi İtaliyanın, 2,2 faizi Ukraynanın, 1,9 faizi Türkmənistanın, 1,8 faizi Koreyanın, hər biri 1,7 faiz olmaqla Birləşmiş Krallıq, Yaponiya və Fransanın, 1,4 faizi Hindistanın, 1 faizi İndoneziyanın, hər biri 0,9 faiz olmaqla Belarus və Özbəkistanın, hər biri 0,8 faiz olmaqla Norveç, Gürcüstan, Meksika, Polşa, Vyetnam və Braziliyanın, 12,2 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, bitki mənşəli məhsulların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxal olunan malların 62,7 faizini avtomobil, 19,1 faizini dəmir yolu, 10,7 faizini hava, 7 faizini dəniz nəqliyyatı ilə gətirilib, 0,5 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 2022-ci ilin yanvar-may aylarında mühüm məhsul növlərindən bitki yağları idxalı 12,1 faiz, təzə meyvə 8,4 faiz, kərə yağı, digər süd yağları və pastaları 32,7 faiz, unlu qənnadı məmulatları 14,6 faiz, kartof 6,2 faiz, çay 5,6 faiz, quş əti və onun əlavə məhsulları 27,2 faiz, dərman vasitələri 29,4 faiz, polad prokatı 10,3 faiz, avtobuslar 5,7 dəfə, qara metallardan çubuqlar 23,7 faiz, sintetik yuyucu vasitələr 5 faiz, məişət kondisionerləri 17,9 faiz, mebellər 2,7 faiz, polietilen 81,8 faiz, sement 49,9 faiz artıb, buğda idxalı isə 9,7 faiz, xam şəkər 14,1 faiz, şokolad və şokolad məhsulları 5,4 faiz, təzə tərəvəz 30,4 faiz, mal əti 63 faiz, siqaretlər 86,8 faiz, minik avtomobilləri 8,4 faiz, qara metallardan borular 11,5 faiz, hesablama maşınları, blok və qurğuları 14,3 faiz, yük avtomobilləri 19 faiz, rezin şinlər 4,1 faiz, mineral gübrələr 66,5 faiz, paltaryuyan maşınlar 25,8 faiz, polipropilen 0,1 faiz, qara metallardan künclüklər 17 faiz, məişət soyuducuları 44,9 faiz azalıb.
2022-ci ilin yanvar-may aylarında ölkəyə 26408 ədəd minik avtomobili, 1851 ədəd yük avtomobili, 292 ədəd avtobus idxal olunub.
İxracın 49,1 faizini İtaliyaya, 10,4 faizini Türkiyəyə, 5,6 faizini İsrailə, 5,2 faizini Hindistana, hər biri 3,1 faiz olmaqla Yunanıstan və Birləşmiş Krallığa, 2,8 faizini Portuqaliyaya, 2,3 faizini Gürcüstana, 2,1 faizini Ukraynaya, hər biri 1,8 faiz olmaqla Tunis, Almaniya, Rusiya və İspaniyaya, 1,5 faizini Tailanda, 1,1 faizini Çexiyaya, 0,9 faizini İsveçrəyə, hər biri 0,8 faiz olmaqla Rumıniya və Vyetnama, hər biri 0,5 faiz olmaqla Xorvatiya və Belarusa, 3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 2022-ci ilin yanvar-may aylarında ixracın 91,6 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 4,9 faizini avtomobil, 2,8 faizini dəmir yolu, 0,6 faizini hava, 0,1 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.
İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, kimya sənayesi məhsullarının, plastik kütlə və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, alüminium və ondan hazırlanan məmulatların, qara metallar və onlardan hazırlanan məmulatların, bitki yağlarının, şəkərin, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib. 2022-ci ilin yanvar-may aylarında 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə mühüm məhsul növlərindən tütün ixracı 2,9 dəfə, çay 84 faiz, mineral gübrələr 7,1 dəfə, emal olunmamış alüminium 83,6 faiz, qara metallardan çubuqlar 72,2 faiz, qara metallardan borular 12,7 faiz, sement klinkerləri 10,6 faiz, bentonit gili 13,3 faiz artıb, təzə meyvə ixracı isə 6,1 faiz, təzə tərəvəz 0,2 faiz, kartof 33,4 faiz, şəkər 54,4 faiz, bitki yağları 32,6 faiz, meyvə və tərəvəz şirələri 16,7 faiz, meyvə və tərəvəz konservləri 19,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu 29 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 58,4 faiz, pambıq lifi 27,4 faiz, polietilen 17,9 faiz, polipropilen 23,8 faiz, pambıq ipliyi 18,6 faiz, qara metallardan yarımfabrikatlar 19,8 faiz azalıb.