İQTİSADİYYAT


Azərbaycanın xeyrinə və daha yaxşı şərtlərlə imzalanan “Yeni Əsrin müqaviləsi”

Bakı, 14 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından bir il keçir. Yeni Sazişin böyük əhəmiyyəti var və o, Azərbaycan üçün daha da əlverişlidir. Ümumilikdə hasilatın pay bölgüsünə dair ilk sazişin imzalanmasından ötən 24 il ərzində AÇG yataqlar blokundan 3,4 milyard barreldən çox neft hasil olunub. İndiyədək Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 135,1 milyard dollar qazanıb. Azərbaycan bu vaxtadək AÇG yataqlarından 262 milyon tondan çox mənfəət nefti əldə edib.

Azərbaycan salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılan “Əsrin müqaviləsi”

Tarixə nəzər salaq. 1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb. Təxminən 400 səhifə olan və 4 dildə tərtib edilən müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərib, dövlət müstəqilliyinin mühüm təminatına çevrilib.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. Başqa sözlə, hasilat 5,6 dəfə artıb.

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həmdə xarici investisiya cəlb edilib. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təqribən 33 milyard dollar sərmayə qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. Həmin sazişlər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard dollardan çox sərmayə yatırılıb. SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyə və digər ölkələrə nəql edilir.

Azərbaycanın maraqlarını tam təmin edən “Yeni Əsrin müqaviləsi”

Ötən il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıb. Sazişə əsasən BP layihənin operatoru olaraq qalıb. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

14 sentyabr ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün olub, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayıb. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalanıb. Bu Sazişin “Yeni Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub. Hazırda AÇG-də tərəfdaşların iştirak payları belədir: BP - 30,37 faiz, “AzACG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Statoil” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TP” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

İndiyədək AÇG-dən ümumi neft hasilatı 3,4 milyard barreli ötüb

Ötən 24 il ərzində sazişin icrası uğurla reallaşdırılıb. AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var. Bu vaxtadək AÇG-dən hasil edilən 3,4 milyard barreldən çox neft bu neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının atması ehtimalı var və yeni Sazişin icrası müddətində bu rəqəm daha da artacaq.

Cari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar əməliyyat və 552 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Yarım ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, ümumi hasilat gündəlik orta hesabla 596 min barrel və ya ümumilikdə təqribən 108 milyon barrel, yəni 15 milyon ton olub. İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub. İki rüb ərzində AÇG-də 6 neft hasilat quyusu və 2 su injektor quyusu qazılıb. Hazırda AÇG-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

Birinci yarım ildə “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,1 milyard kubmetr səmt qazı təhvil verib. AÇG-dən, həmçinin ümumilikdə 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib.

“Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları hər il mənfəət neftindən gəlir əldə edir. Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarından 262 milyon ton mənfəət nefti əldə edib. Mənfəət neftinin həcmi isə ilbəil artır.

Neft Fondu bu vaxtadək “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 135,1 milyard dollar gəlir əldə edib

Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il sentyabr ayının 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 135 milyard 142 milyon dollar gəlir əldə edib. Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 6 milyard 656 milyon dollar vəsait daxil olub.

O cümlədən bu ilin ilk səkkiz ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 115 milyon dollar təşkil edib.

Cari il yanvarın 29-da isə Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon dollar həcmində ilk bonus ödənişi həyata keçirilib.

Bütün bu qazanılan nailiyyətlər onu göstərir ki, “Əsrin müqaviləsi” imzalanandan bu günə qədər ulu öndər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Bu gün Azərbaycanın öz hesabına yaşamasında, kifayət qədər böyük valyuta ehtiyatlarının olmasında və iqtisadiyyatın dinamik şəkildə inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu var. Azərbaycanda iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılıb və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, çünki ölkəmizin böyük potensialı var. Göründüyü kimi, mənbəyini “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun lider dövlətinə çevirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.