İDMAN
Azərbaycanın yeniyetmə sərbəst güləşçiləri Quba Olimpiya İdman Kompleksində dünya çempionatına hazırlaşırlar VİDEO
Quba, 11 iyul (AZƏRTAC, Elxan Yusifli). Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş üzrə yığma komandası Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.
AZƏRTAC xəbər verir ki, bu il iyulun 15-dən 20-dək Slovakiyanın Snina şəhərində keçiriləcək yeniyetmələr arasında güləş üzrə dünya çempionatına hazırlaşan milli komandamız yarışa tam heyətlə qatılacaqdır.
Sərbəst güləş üzrə yığma komandanın üzvləri təlimlərə iyulun 3-dən başlamışlar. Komandamız çempionata böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında hazırlaşır. Heyətə cəlb olunmuş 22 güləşçi toplanış ərzində əsasən taktiki hazırlıq üzrə təlim-məşq prosesi keçir. Bu güləşçilərdən 10-u Slovakiyada keçiriləcək dünya çempionatında medallar uğrunda mübarizə aparacaqdır.
Böyük məşqçi Əsgərxan Novruzov dünya çempionatına hazırlaşan idmançıların yüksək əhval-ruhiyyədə olduğunu və yarışda ilk sıralara iddia etdiklərini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan güləşçiləri daim yüksək əyarlı medallar uğrunda mübarizə aparmışlar. Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin son Avropa çempionatında güləşçilərimiz 7 medal qazanmışlar. Slovakiyada keçiriləcək dünya çempionatında da uğurlu çıxış edib, komanda hesabında birinci olmaq istəyirik. Komanda hesabında ilk pilləni qazanmaq üçün birinciliyə daim iddialı olan rusiyalı güləşçiləri qabaqlamaq niyyətindəyik.
Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına iyulun 17-də yekun vurulacaqdır.