SİYASƏT


Azərbaycanla Əlcəzair arasında əməkdaşlıq münasibətləri müzakirə olunub VİDEO

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, təkbətək görüşdən sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə nazirlər arasında geniş tərkibdə görüş keçirilib.

Nazir Ceyhun Bayramov qonağı salamlayaraq Əlcəzairin müstəqilliyinin 60 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb. Nazir Azərbaycanla Əlcəzair arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. İki ölkə arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətindən danışan C.Bayramov 2019-cu ilin oktyabrında Əlcəzairin sabiq Prezidenti Abdelkader Bensalahın Qoşulmama Hərəkatının (QH) XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana tarixi səfərini və Prezident İlham Əliyevlə görüşünü, bu il Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğalinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirakını, habelə Əlcəzairin QH-nin Gənclər Sammitində təmsil olunmasını məmnunluqla qeyd edib.

Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra səmimi görüşə görə minnətdarlığını bildirib. Ölkələrimiz arasında mövcud siyasi dialoqun və ikitərəfli təmasların intensivliyinin qorunub saxlanılmasının vacibliyini qeyd edib. O, Xarici İşlər nazirlikləri və ölkələrimizin müxtəlif qurumları arasında dialoqun daha da genişləndirilməsi, energetika və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, icmalar arasında dostluq qruplarının yaradılması kimi məsələlərə toxunub. Ramtan Lamamra Əlcəzairin Qoşulmama Hərəkatının təsisçi üzvlüyündən və sədrlikləri dövründə fəaliyyətlərindən bəhs edib, 2019-cu ildən etibarən Azərbaycanın sədrliyi çərçivəsində ölkəmizin irəliyə sürdüyü təşəbbüslərin əhəmiyyətli olduğunu bildirib. Yaxın Şərqdə gedən siyasi proseslər, Ərəb Dövlətləri Liqası və Afrika İttifaqı çərçivəsində görülən işlər barədə məlumat verib. Beynəlxalq müstəvidə hər bir problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin vacib olduğunu bildirib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın 30 il ərzində ölkəmizə qarşı təcavüzü, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması, sülh quruculuğu ilə bağlı Azərbaycan tərəfindən görülən genişmiqyaslı işlər barədə ətraflı məlumatı qonağın diqqətinə çatdırıb. Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq apardığı fəaliyyət və sülh quruculuğuna törətdiyi maneələr barədə məlumat verilib. Əlcəzairin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəklədiyi və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif qətnamələrin qəbulu zamanı nümayiş etdirdiyi vurğulanıb.

Görüşdə, həmçinin dövlətlərimiz arasında ikitərəfli çərçivə ilə yanaşı, çoxtərəfli beynəlxalq və regional formatlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə də fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazirlər tərəfindən “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Əlcəzair Xalq Demokratik Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Protokol” və “Azərbaycan Respublikası Hökuməti və Əlcəzair Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş” imzalanıb.

Daha sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib və nazirlər mətbuata bəyanatlarla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.