İQTİSADİYYAT
Azərbaycanla Əlcəzairin energetika sektorunda birgə əməkdaşlığı üçün böyük imkanlar var
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycanla Əlcəzairin energetika sektorunda birgə əməkdaşlığı üçün böyük imkanlar mövcuddur.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirləri Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadov ölkəmizdə səfərdə olan Əlcəzairin Energetika Nazirliyinin baş katibi, bu ölkənin OPEC-dəki nümayəndəsi Əhməd Messilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə səsləndirib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğu və əlaqələrin daim inkişaf etdiyi vurğulanıb. Nazir müavini Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar və aparılan çoxşaxəli islahatlar barədə qonaqlara ətraflı məlumat verib, ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini və bunun nəticəsi olaraq regionun lider dövlətinə çevrildiyini deyib. Həmçinin Azərbaycanın iştirakçısı olduğu mühüm beynəlxalq enerji layihələrindən söhbət açılıb.
Əlcəzairin Energetika Nazirliyinin baş katibi Əhməd Messili ölkəsinin neft-qaz və elektroenergetika sahəsində mövcud potensialı, aparılan islahatlar barədə məlumatlar verib. O deyib ki, Əlcəzair qarşıdakı illərdə yeni neft emalı müsissələrinin və elektrik stansiyalarının inşasını planlaşdırır. Qonaq bu məqsədlə nəzərdə tutulan tenderlərdə Azərbaycan şirkətlərinin iştirakından məmnun qalacaqlarını bildirib, xüsusilə alternativ və bərpa olunan energetika sahəsində ölkəmizin mövcud təcrübəsinin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.