CƏMİYYƏT


Azərbaycanla Almaniya arasında reabilitasiya sistemləri sahəsində əməkdaşlıq yeni perspektivlər vəd edir

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti və Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyer jurnalistlər üçün mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə nazir ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial təminat sisteminin mütərəqqi beynəlxalq təcrübə, innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi və şəffaflaşdırılması, passiv sosial müdafiə tədbirlərindən aktiv tədbirlərə keçidin təmin olunması sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri barədə məlumat verib.

Nazir əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatlarda mötəbər beynəlxalq qurumlardan biri olan, dünyanın 159 ölkəsinin sosial təminat sahəsi ilə bağlı 320-dən çox qurumunu ətrafında birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə ölkəmizin arasında olan əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, ötən dövrdə həmin təşkilatla fəal əməkdaşlığının göstəricisi kimi Azərbaycanın 2004-cü ildən onun üzvü olduğunu və əməkdaşlığın yeni istiqamətlərinin müzakirə edildiyini bildirib. Qeyd olunub ki, ikitərəfli danışıqlarda ölkəmizdə sosial sahədə aparılan islahatlara dəstək vermək məqsədi daşıyan əməkdaşlıq, istehsalatda bədbəxt hadisələrlə əlaqədar hadisələr və peşə xəstəliklərindən zərər çəkənlərin sosial müdafiəsi, reabilitasiyası və kompensasiyası, həmçinin sosial müdafiə xidmətləri ilə əlaqədar sadələşmələr, xidmətin tam şəkildə müasirləşdirilməsi, bu sahədə qabaqcıl Avropa və dünya təcrübəsinin öyrənilməsi məsələləri müzakirə edilib.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti və Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Azərbaycanın milli sosial təminat sistemində aparılan islahatları maraqla izlədiklərini, bu sahədə, eləcə də əməyin təhlükəsizliyi, tibbi, sosial, peşə reabilitasiyası iş yerlərində bədbəxt hadisələrdən məcburi sığorta və profilaktika sahələrində əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib.

Nazir bəzi özəl şirkətlərdə qeyri-formal məşğulluğun qarşısının alınması barədə suala cavab verərkən “ASAN xidmət”lə birgə tikintilərdə monitorinqlər aparıldığı və bu sahədə yol verilən nöqsanlarla əlaqədar cəza tədbirləri görüləcəyini deyib. Jurnalistlərə məlumat verilib ki, həmin hallarla elektron qaydada, məmur-vətəndaş təması olmadan tədbirlər görülməsi nəzərə tutulub və bununla əlaqədar iş aparılır.

Özəl pensiya fondlarının yaradılması ilə əlaqədar suala cavab verərkən nazir deyib: “Bu, bizim gündəliyimizdə olan məsələdir. Əvvəla, özəl pensiya sistemi qısa vaxtda yox, uzunmüddətli proqrama əsaslanan bir sahədir. Digər tərəfdən, pensiya təkcə ödənişdən ibarət deyil, sosial sığorta haqlarının yığılması da buraya daxildir. Bu isə məşğulluq və işçilərin qeydiyyatı ilə sıx bağlı olan məsələdir. Güman edirik ki, bizim Almaniyadan olan mütəxəssislərlə birgə yaratdığımız qrup ölkənin məşğulluq bazarı, demoqrafik inkişaf, hər bir əlavə pensiya təminatının yaratdığı yük və digər məsələləri nəzərə alınmaqla bu məsələləri incəliklərinə qədər araşdırandan sonra özəl pensiya fondlarının yaradılmasında elə bir məhdudiyyət olmayacaq”.

Peşə reabilitasiyası ilə əlaqədar aparılan fikir mübadiləsi barədə məlumat verilərkən nazir əlilliyi olan şəxslər üçün reabilitasiya mərkəzlərinin sayının az və gücünün çox olmadığını bildirib. O qeyd edib ki, bu sahədə beynəlxalq təşkilatla əməkdaşlıq barədə xeyli müzakirələr aparılıb.

Yoakim Bröyer deyib ki, sosial reabilitasiya yalnız tibbi reabilitasiya ilə bitməməlidir, buraya sosial və peşə reabilitasiyası da aiddir. Sağlamlıq imkanı məhdud olan şəxs həmin prosesdən sonra ailəyə və cəmiyyətə inteqrasiya olunmalıdır. Ona görə də bu sahəyə sosial investisiyalar qoyulması tələb olunur. Üstəlik, bu sahəyə qoyulan investisiyalar dörd-beş qat fayda verir.

Mətbuat konfransında jurnalistləri maraqlandıran digər suallara da cavablar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.