İQTİSADİYYAT
Azərbaycanla Avropa İttifaqının keyfiyyət infrastrukturu üzrə əməkdaşlığının inkişaf səviyyəsi məmnunluq doğurur
Bakı, 12 oktyabr, AZƏRTAC
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas arasında keçirilən görüşdə Azərbaycanla Aİ arasında keyfiyyət infrastrukturu sahələri üzrə əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edilib.
Bu barədə AZƏRTAC-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Səfiri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlaması münasibətilə təbrik edən komitə sədri Ramiz Həsənov vurğulayıb ki, keyfiyyət infrastrukturu sahələrinin Avropa təcrübəsinə uyğunlaşdırılması ilə bağlı 2007-ci ildən təşkilatla sıx əməkdaşlıq qurulub.
Keyfiyyət infrastrukturu sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların aparılması, kadr və maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı Avropa İttifaqının “Tvinninq” aləti çərçivəsində indiyədək üç layihə uğurla icra edilib.
Hazırda uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya üzrə yeni layihənin icrasına başlanıldığını deyən komitə sədri bu layihənin də müsbət nəticələrinin olacağına əminliyini söyləyib. Qeyd edib ki, layihələrin icrası nəticəsində Avropa İttifaqı ölkələrinin təcrübəsindən istifadə edilərək “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunlar qəbul edilib, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Ramiz Həsənov deyib ki, institusional islahatlar çərçivəsində Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən, komitə tərəfindən dörd publik hüquqi şəxs yaradılıb ki, bu da idarəetmənin beynəlxalq təcrübəyə uzlaşdırılması məqsədi daşıyıb. Yeni təsis edilən qurumlar – Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, həmçinin Patent və Əmtəə Nişanları Mərkəzi müvafiq sahələrdə milli orqan statusunda fəaliyyət göstərirlər.
SMPDK sədri hazırda icra olunan “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı “Tvinninq” layihəsinin nəticəsində Azərbaycanla Avropa Akkreditasiya Təşkilatı (EA) arasında qarşılıqlı tanınma haqqında Sazişin imzalanacağına əminliyini ifadə edib. Bildirib ki, EA-nın noyabr ayında Berlində keçiriləcək Assambleyasında Azərbaycan Akkreditasiya Mərkəzinin quruma assosiativ üzvlüyü məsələsinə baxılacaq. Bütün bunlar Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınması, məhsulların keyfiyyətini təsdiq edən sənədlərin, sertifikat və akkreditasiya prosedurlarının xarici ölkələrdə tanınmasının təmin olunması istiqamətində mühüm addımdır.
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində mövcud qarşılıqlı marağın önəmini qeyd edən səfir Kestutis Yankauskas ölkəmizdə qeyri-neft ixrac potensialının artırılması istiqamətində həyata keçirilən sistemli islahatları yüksək qiymətləndirib. Bildirib ki, keyfiyyət infrastrukturu sahələrinin müasir təcrübə ilə uzlaşdırılması məhz bu siyasətə xidmət edir.
Səfir Avropa İttifaqının həmin prosesdə bundan sonra da yaxından iştirak edəcəyinə, lazımi dəstəyin veriləcəyinə əminliyini ifadə edib.